Ölkənin ikinci ən böyük şəhəri Gəncə bir çox məhsulları ilə yanaşı həm də səbəti ilə məşhurdu.
Bizim.Media xəbər verir ki, Gəncəlilər bayramlarda, özəl günlərdə dostlarına, yaxınlarına “Gəncə səbət”ində sovqat göndərməyi xüsusi hörmət və ehtiram əlaməti kimi qəbul edirlər.
Gəncədə bu səbətin hazırlanması bir sənət növüdür. Bəzi məlumatlara görə “Gəncə səbəti”nin tarixi bir neçə yüz il əvvələ gedib çıxır. Bu gün Gəncədə səbət hörmə ənənəsi incəsənətin bir qolu kimi qəbul edilir.
Gəncədə səbəthörmə sənəti, əsasən, şəhərin qədim məhəllərindən sayılan Bağbanlar məhəlləsində daha geniş yayılıb. Əsasən kişilər bu sənətlə məşğul olub. Gəncədə səbətlər müxtəlif ölçülərdə hörülürdü. Ustalar səbətləri fərqli formada, özünəməxsus şəkildə toxumaqla bir növ bəhsə girişirdilər.
Toxunuşuna görə daha çox şahmatşəkilli, ovalvari, bəzəkli, qulpsuz, həmçinin ikigözlü səbətlər hazırlanır. Bəzən bu səbətlərin yükgətürmə qabliyyəti 60-70 kiloqrama çatır. Gəncəlilərin sözlərinə səbət ustalarının əl işlərini bir birindən fərqləndirən onların özünəməxsus üslubları olub.
Səbətlər əsasən qarğıdan toxunur. Buna səbəb qarğının davamlı və uzunömürlü olmasıdır.
Qarğıdan hazırlanan səbətlər quru və kölkə yerdə saxlandığı halda daha da uzunömürlü olurlar.
Bu sənəti yaşadanlardan biri 69 yaşlı Vilayət Qurbanovdur. 24 yaşlı nəvəsi İsmət Rəhimovla birgə onlar Gəncədə səbət toxumaqla həm bu sənəti yaşadır, həm də güzaranlarını təmin edirlər. Vilayət usta deyir ki, 30 ildir ki, səbət toxumaqla məşğuldur. Onun sözlərinə görə, bu sənətə başlayanda, sənət demək olar ki, yaddan çıxmışdı.
“Səbət toxumanın Gəncədə tarixi çox qədimdir. Sovetlər birliyi dağıldıqdan sonra bu sənətlə sanki bir müddət məşğul olan olmadı. Mən yenidən bu sənəti dirçəltdim. İndi nəvəm də mənim yolumu davam etdirir. Zəhmətimiz bəhrəsini də görürük. Hazırda səbətlərimizə maraq böyükdür”- deyən Vilayət Qurbanov etiraf edir ki, bu sənət həm də ona məşhurluq qazandırıb.
“Bu sənət xalqımızın milli sərvəti olmaqla bərabər, həm də babalarımızdan bizə miras qalıb. Bu sənətlə çoxlu uğurlar qazanmışam. Bakıda keçirilən xalq sənəti nümunələrinə həsr olunmuş sərgidə qalib olmuşam.
Əl işlərimin rəngli fotoşəkilləri Heydər Əliyev Fondunun muzeyində yer alıb. 2013-cü ildə toxuduğum səbətlərlə birgə Fransada sərgidə iştirak etmişəm.
Həmin sərgidə polşalılar, çexlər, yaponlar, ispanlar toxuduğum səbətlərə maraq göstərərək, əl işlərimi böyük həvəslə alıdılar. 2015-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Paris şəhərində keçirilən “Azərbaycanın mədəniyyət günləri” çərçivəsində qədim el sənəti nümunələrinin sərgisində iştirak etmişəm.
2018-ci ildə Moskva şəhərində Azərbaycanın İstiqlal Yubileyi ilə əlaqədar ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən keçirilən sərgiyə qatılmışam. Harada olmuşamsa əlimin zəhməti ilə hazırladığım səbətlər böyük rəğbətlə qarşılanıb. Qazandığım bu uğurlar dünyada qədim el sənəti növlərimizə artan marağın göstəricisidir” deyə usta Vilayət Qurbanov bildirdi.
V.Qurbanovun nəvəsi İsmət Rəhimovunda səbət hörmə sənətinə böyük həvəsi var. Onun sözlərinə hələ uşaq yaşlarında babasının yanında bu sənətin incəliklərini öyrənib.
“Hələ körpəliyimdən babamın yanında qarşıdan necə səbət toxuduğunu həvəslə seyr edirdim. Sonralar bir qədər böyüdükdən sonra Vilayət baba mənə də bu sənətin incəliklərini öyrətdi. İndi artıq mən də bu ata-baba sənətini mənimsəmişəm. Babamla birgə əl ələ verib Gəncəmizin qədim sənətini yaşadırıq, adamlarımıza səbət hörürük. Ümidvaram ki, gələcəkdə mənim də övladlarım da səbət toxuma sənətini davam etdirəcək”.
Məqsəd Rəhimov Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 15.02.2023
“Gəncə SƏBƏT”ini necə hörürlər? – Ustası DANIŞIR
Hazırda oxunan: “Gəncə SƏBƏT”ini necə hörürlər? – Ustası DANIŞIR
Hazırda oxunan: “Gəncə SƏBƏT”ini necə hörürlər? – Ustası DANIŞIR
120442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.