Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadlar Azərbaycanda ciddi təəssüf və hədsiz həyəcana səbəb olub.
Şübhəsiz, Türkiyə dövlətinin gücü, qardaş ölkə xalqının mübarizə əzmi, həmrəylik ruhu ona bu çətinlikdən də çıxmağa kömək edəcək. Artıq Türkiyənin bütün əlaqədar dövlət qurumları zəlzələ bölgəsində genişmiqyaslı iş aparmaqda, insanlara operativ şəkildə köməklik göstərməkdədir.
Əlbəttə qardaş xalqın bu çətin günündə ilk yardıma çatan , onun yanında olan Azərbaycan xalqıdır.
Bizim.Media-nın Şimal-Qərb bürosu xəbər verir ki, artıq ötən gündən etibarən əksər bölgələrdə Türkiyə üçün humanitar yardım aksiyaları keçirilir.
Dəhşətli zəlzələdən sonra bu bölgədə də humanitar aksiya başladılıb. Bu gün səhər saatlarından başlayaraq Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında insanlar təyin olunmuş qərargahlara gəlir, müxtəlif isti əşyalar, məişət avadanlıqları ilə yardıma töhfə verirlər.
Zaqataladakı izdiham...
Səhər saatlarından başlayaraq Zaqatala mədəniyyət evinə insan axını müşahidə olunur. Maşınlar gətirdikləri ləvazimatları boşaltmağa, insanlar hazırladıqları yardım çantalarını təhvil verməyə növbə gözləyir. Gələnlər sırasında bütün yaş qruplarına rast gəlmək olur.
Rayonun Kəpənəkçi kənd sakini Xuraman Şabanova həyat yoldaşı ilə gətirdiklərini maşından boşaltmaq üçün könüllülər onlara yardım edir. Fürsətdən yararlanıb Xuraman xanıma yaxınlaşırıq.
Gözləri dolan xanım deyir ki, iki gündür yata bilmir, allaha dua edir ki, qardaşlarımız bu faciəni tezliklə adlaya bilsin:
”Türkiyə xalqına öz başsağlığımızı çatdırırıq, yaralılara allahdan şəfa diləyirik. Baxıram insanların gəlişinə, yardımlarına. Sadəcə olaraq qürur duyuram”.
Yardım gətirənlər arasında olan Mübariz Xəlilov rayon bazarında kiçik bizneslə məşğul olduğunu bildirir.
Gətirdəkləri ilə bağlı sualımıza cavabında isə “Yorğan-döşək, ayaqqabı, uşaq bezi, sabun, yuyucu vasitələr və s”,-deyə bildirir: “Bazarda nə satılırsa, gətirmişik. Hələ iki yün maşını yüklənir, onlar da gələcək”.
Qax sakinləri Türkiyəyə yardımda fəallıq göstərirlər...
Qonşu Qax rayonunda Olimpiya idman kompleksinin binası qərargah kimi istifadə olunur. Səhər saatlarından etibarən, kompleksin idman zalının mərkəzi müxtəlif yardım qutuları ilə doldurulub. Burada qızğın iş gedir. Onlarla könüllü sakinlərin gətirdiyi yardımları çeşidləyərək qablaşdırır, digər bir qrup isə dərhal həmin qutuları bayırda gözləyən yük avtomobillərinə yükləyir. Yardım toplanma yerinə Qax şəhər 3 nömrəli məktəbin kollektivi də təşrif buyurub. Onlar isti geyim və ədyal, yorğan-döşək, qida məhsulları ilə yardıma qoşulurlar.
Məktəbin müəllimi Züleyxa Bayramova baş verən bu fəlakətdən çox kədərləndiyini bildirdi:
“Bütün ailəmizlə qardaş Türkiyənin yanındayıq, Türkiyənin hər zaman bizim yanımızda olduğu kimi. Biz iki dövlət bir millət olmuşuq və bu gün bacardığımız yardımı etmək bizim qardaşlıq borcumuzdur. Yaşasın, Türkiyə-Azərbaycan birliyi! Biz inanırıq ki, Türkiyə bu faciədən üzü ağ, alnı açıq çıxacaq”.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
- A-
- A
- A+
Cəmiyyət
20:31 / 08.02.2023
Azərbaycanın Şimal-Qərb bölgəsi “qardaş yardımı”na YETİŞMƏYƏ ÇALIŞIR - FOTO
Hazırda oxunan: Azərbaycanın Şimal-Qərb bölgəsi “qardaş yardımı”na YETİŞMƏYƏ ÇALIŞIR - FOTO
Hazırda oxunan: Azərbaycanın Şimal-Qərb bölgəsi “qardaş yardımı”na YETİŞMƏYƏ ÇALIŞIR - FOTO
119297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.