Ağ gəlinlik geyinmiş İstanbul onu görməyə gələnləri izləyir - REPORTAJ+İSTANBUL

Ağ gəlinlik geyinmiş İstanbul onu görməyə gələnləri izləyir - REPORTAJ+İSTANBUL

Hazırda oxunan: Ağ gəlinlik geyinmiş İstanbul onu görməyə gələnləri izləyir - REPORTAJ+İSTANBUL

11853

Pandemiya dövründə  ilk xarici səfərdəyik. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə səfər proqramımız dünyada iki qitədə (Avropa və Asiya) yerləşən İstanbuldan başladı... 

Bu şəhərə gəlmək həm də Avropa qitəsinə səyahət etmək deməkdir...Şəhərə enər-enməz tarix qoxuyan İstanbul küçələrini qarış-qarış gəzdiyimi təsəvvür etməyə başladım.

18 milyonluq əhalisi olan qədim şəhərin gözəlliyi, əsrarəngizliyi və tarixiliyini virtual olaraq vərəqləsəm də, şəhərə səyahət və Boğazın mavi sularında dövrə vuran qağayılara tamaşa etməyə həyəcanlanırdım...

Nəhayət, fərqliliyini və füsunkarlığını indiyədək qoruyub saxlayan doğma elimdə, İstanbuldayam...İkinci evimə gəldiyim üçün həm də sevincliyəm.

Gəzintimiz məşhur Taksim meydanı deyilən Beyoğlu İstiklal Caddesindən başladı...Pandemiya səbəbindən şənbə və bazar günləri yerli vətəndaşlara küçəyə çıxmaq yasaqlandığı halda, İstanbul qapılarını yalnız turistlərə açıb. 

Səssizliyin baş alıb getdiyi dar küçələrdə bir-birindən maraqlı tikili, mədəniyyət mərkəzləri, məscid və sayı bilinməyən restoranlar görünür.

Türk bayraqlarına bürünmüş küçələr Bakıdan fərqli olaraq eniş-yoxuşlardan, ora-bura şütüyən motosikletlərdən, qaradərili turistlərdən və alış-veriş mərkəzlərindən ibarətdir...

İnsan və avtomobil hərəkəti yoxdur. Taksi xidməti seyrək, küçələr boş və səssizdir...

Dərvişlərin məskəni Qalata Mevlevihanəsi muzeyi...

İstiklal Caddesi şimaldan Taksim Meydanından başlayaraq, cənubda Tünel Meydanında bitir. Tüneldən yol məşhur Qalipdede prospektinə, tarixi qapısı olan məşhur Qalata Mevlevihanəsinə və daha aşağı enərkən adı dillərdə əzbər olan Qalata Qülləsinə qədər uzanır.

Qalata Mevlevihanəsi Beyoğlunda ən əhəmiyyətli Osmanlı əsərlərindən biridir. Səmahanə binası 1935-ci ildə bir müddət məktəb olaraq istifadə edilib.

Nazirlər Sovetinin 1946-cı il 2 oktyabr tarixli qərarı ilə muzey olmaq üçün Təhsil Nazirliyinin balansına verilib. Hazırda muzey kimi istifadə olunan 3 mərtəbəli tarixi tikli aşağı mərtəbəsində dərviş otaqları, yuxarı mərtəbədə isə eyvanlardan ibarətdir.

Yeddi təpə üzərində qurulan İstanbula tamaşa etmək, səmaya uzanan minarələri, o minarələrdən duyulan azan səsləri, möhtəşəm tarixi sarayları, köşkləri, muzeyləri, parkları, bir-biriylə yarışa girən gəmiləriylə insana zövq verən İstanbul hər kəsi dünyadan qoparar desək yanılmarıq...

Sevənləri qovuşduran Qalata qülləsi...
 
İstanbul dedikdə ağıla ilk gələnlərdən biri də Qalata qülləsidir. Dünyanın ən qədim tarixi abidələrindən hesab edilən Qalata 528-ci ildə Bizans imperatoru Anastasius tərəfindən gəmilər üçün fənər qülləsi olaraq inşa edilib.

1204-cü ildə IV Səlib yürüşü zamanı ağır zərbələr alan qüllə 1348-ci ildə Cenevizlilər tərəfindən “İsa Qalası” adı ilə bərpa olunub. 1445-1446-cı illərdə burada qüllə ucaldılıb.

İstanbulun Osmanlılar tərəfindən işğalından sonra - 1453-cü il mayın 29-da Qalata qülləsinin açarı Cenevizlilər tərəfindən Fatih Sultan Mehmedə təqdim edilir. Həmin il iyunun 1-də isə qüllə tamamilə Osmanlı İmperatorluğuna təslim olunur.

İstanbulun ən əhəmiyyətli memarlıq nümunələrindən sayılan Qalata qülləsi ilə bağlı rəvayətlər çoxdur.

Onlardan biri, romalılar dövründən günümüzədək gəlib çıxan hekayədir ki, bu gün də həmin rəvayət xarici qonaqlara çox həvəslə təqdim olunur.

Bələdçimiz deyir ki, füsunkar binaya sevənlərin qovuşmaası adı təsadüfən verilməyib. Qalata qülləsinə bərabər çıxan iki sevgili qarşılarına çıxacaq bütün çətinliklərə baxmayaraq, evlənir.

Amma baş tutan evliliyin də rəvayəti var.

Əfsanəyə görə, sevgililərdən biri qülləyə daha əvvəl çıxdığına görə çətinliklərlə bağlı bütün tilsimlər qırılır və cütlüyün arzusu reallaşır.

Görünüşcə olmasa da, tarixiliyi, dolanbac pilləkənləri və ayaqlar altında qalan İstanbulu buradan seyr etmək baxımından Qalata qülləsini Bakımızı bəzəyən Qız qalasına bənzətmək də yerinə düşər...

İki qardaş ölkənin tarixə söykənən əsrarəngiz memarlıq nümunələri dünya turistlərinin diqqətini hər zaman cəlb edir...

İstanbulun döyünən ürəyi Boğaz...

Bəxtimizdən hər bir insanın mutləq görməli olduğu şəhəri izləmək qış ayına təsadüf edir.

Gəzintimizi bir gün sonra Türkiyənin məşhur və sevilən seriallarından izlədiyimiz Boğazda davam etdiririk...

Çovğun addımlarımızı ləngidir, foto çəkməyə belə imkan yoxdur. Təbiətin şıltaqlığı doğma şəhərimizi daha gözəl mənzərə ilə qarşılaşdırır. Güclü külək və quş başı boyda yağan qar...Nazlı İstanbulu avtobusla izləməyə davam edirik.

Kənardan izlədiyimiz valehedici mənzərə də bir başqadır. Sıx və bir-birinə yaxın köndələn evlər, fərqli üslubda inşa edilən binalar, qədimiliyi ilə seçilən villalar Boğaza gözəllik verir.

Qarşı tərəfi isə ucu-bucağı görünməyən sahil və gəmilər bəzəyir.  Pandemiya olduğu üçün gəmilərdə səyahət etmək də sərnişinlərə bağlanıb.

Səhərdən yağan qar şəhəri ağ örpəyə bürüyüb. Sanki ağ gəlinlik geyinmiş İstanbul Qara və Mərmərə dənizinin qovuşduğu sahildə səssizcə onu görməyə gələnləri izləyir...

Alçina Amilqızı, Bizim.Media, İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO