“Azərbaycan Premyer Liqasının XX turunda "Səbail" “Kəpəz” oyununun fasiləsində azarkeşlər arasında mübahisə düşdüyü və stadiondan kənarda azarkeşlərdən birinin bıçaq xəsarətləri alması barədə məlumat aldıq. Biz həmin vaxt oyunu izləmək üçün stadionda idik. Xəsarət alan Kəpəz futbol klubunu azarkeşi 26 yaşlı Rahib adlı gənc dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb və əməliyyat olunub. Mən həkimlə danışdım və o bildirdi ki, Rahib ayaq nahiyəsindən, budundan bıçaq xəsarəti alıb, yara dərin olsa da həyatı üçün heç bir təhlükə yoxdur”.
Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna "Kəpəz"in İdarə Heyətinin üzvü, Millət Vəkili Müşfiq Cəfərov verib.
MÖVZU İLƏ BAĞLI:
"Səbail" - "Kəpəz" matçından sonra azarkeş bıçaqlandı
Onun sözlərinə görə, xəstəxanada onunla bərabər "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeşlər xəsarət almış gənci tək buraxmayıblar.
“Mən dərhal Səbail rayon polis şöbəsi ilə əlaqə saxladım. Bildirdilər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və hazırda istintaq araşdırması aparılır. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə rəsmi açıqlama veriləcək. Biz-“Kəpəz” futbol klubunun rəhbərliyi bu məsələni diqqətdə saxlayacağıq və yaralanan gəncə tezliklə sağalaraq sıralarımıza dönməyi arzu edirik”,- deyə Millət vəkili əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu