Marketlərdə saxta məhsullara rast gəlmək bu gün o qədər də təəccüblü deyil. Saxta məhsullar təkcə alıcının ayıq-sayıqlığı ilə deyil, təəssüf ki, bəzi hallarda baş vermiş faciədən sonra da üzə çıxır. Bəs marketlərə saxta məhsullar necə daxil olur, məsuliyyəti kim daşıyır?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb.
Müsahibimiz söyləyib ki, marketdə saxta məhsul aşkarlanıbsa, bu zaman həm mağaza sahibi, həm də istehsalçı məsuliyyət daşıyır:
MÖVZU İLƏ BAĞLI:
Saxta “Sarıkız” içkisi ilə bağlı FABRİKDƏN AÇIQLAMA - VİDEO
“Bu, ciddi qanun pozuntusudur. Brendi saxtalaşdırırlarsa, deməli, həm brendə zərər vururlar, həm də əhalinin sağlamlığı üçün ciddi problem yaradırlar. Cinayət məcəlləsində zərərin həcmi əhəmiyyətli olanda, sağlamlığa ziyan dəydiyi təqdirdə cinayət məsuliyyəti nəzərdə tutulur. Digər hallarda isə mülki məsuliyyətlər ortaya çıxır”.
Həmsöhbətimiz bildirib ki, bazara saxta məhsul çıxarılırsa, bir çox hallarda bu, mağaza sahibi ilə saxta məhsul istehsalçısı arasında sözləşmə əsasında baş tutur:
“Bu, maddi-maraq naminə insanların aldadılmasıdır. Mağaza sahibi aldığı ucuz və saxta məhsulu orginal məhsulla müqayisədə daha ucuz və ya eyni qiymətə sataraq daha çox qazanc əldə edir. Bu, xüsusilə qida, ərzaq məhsullarında təhlükəli vəziyyət yaradır”.
Məsuliyyət daşıyan tərəflərə qaldıqda isə Xalid Kərimli bildirib ki, bu cür hal aşkarlandığı təqdirdə məsuliyyət həm təqdim edəndə, həm də satanda olur:
“Saxta məhsulu satan təqdim edəndən az məsuliyyət daşımır. Çünki məhsulu alan tərəf təqdim edən tərəfdən müvafiq sənədlər tələb etməlidir. Həmin sənədlər isə saxta məhsul istehsalı ilə məşğul olanlarda olmadığına görə, əgər market məhsulu satışa qoyubsa, deməli, hər iki tərəf də məsuliyyət daşıyır”.
Xalid Kərimli qeyd edib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu cür məsələləri yoxlaya, qayda-qanun pozuntusunu aradan qaldıra, dəymiş zərərin həm vətəndaşa, həm də dövlətə ödədilməsini təmin edə bilər. Eyni zamanda Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) saxta məhsulların aşkarlanması, satışdan çıxarılması işindən məsul tərəfdir.
Aləmdə Nəsib, Bizim.Media