Vətəndaşlar sənədsiz evlərinə qeydiyyata düşə bilməz, AMMA... – Hüquqi İZAH

Vətəndaşlar sənədsiz evlərinə qeydiyyata düşə bilməz, AMMA... – Hüquqi İZAH

Hazırda oxunan: Vətəndaşlar sənədsiz evlərinə qeydiyyata düşə bilməz, AMMA... – Hüquqi İZAH

116338

“Yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşlar cərimələnəcəklər”. 

Bu, Daxili İşlər Nazirliyinin bu günlərdə yaydığı məlumatda bildirilir. Nazirlikdən qeyd edilib ki, bir çox hallarda vətəndaşların yaşadığı ünvan üzrə qeydiyyatının olmaması və bunun da müvafiq dövlət qurumunun qeydiyyatı yaşadığı yerə olmayan hər hansı vətəndaşı axtaranda onu tapmaqda çətinlik yaradır.

Bu məsələ çıxarış sənədi olmayan, başqa cür desək, “kupça”sız evdə yaşayanların qeydiyyat məsələsini də gündəmə gətirib. Belə ki, öz evi olsa da çıxarış sənədi olmadığına görə, həmin evə qeydiyyata düşməkdə çətinlik çəkənlər var. 
Bəs onlar sənədsiz evlərinə qeydiyyata düşə bilərlərmi? Bunun üçün nə etməlidirlər? 

Bizim.Media-nın sualını AR Vəkillər Kollegiyasının üzvü Vəkil Roman Qaraşov cavablandırıb.

Müsahibimiz söyləyib ki, hazırda paytaxtda tikilən fərdi yaşayış evlərinin böyük bir hissəsi uzun illərdir ki, dövlət qeydiyyatına alınmayıb və həmin evlərdə yüz minlərlə vətəndaşlarımız yaşayır ki, onların sadəcə yaşayış yerindən arayış alması çox böyük çətinliyə səbəb olur.

Qanunla bu cür evlərdə qeydiyyat məsələsi mümkünsüz olsa da, məhkəməyə müraciət edərək müsbət qərar almağa nail olan vətəndaşlar da var: 

“Çünki hüquqlar Daşınmaz Əmlakın Reyestri Xidmətində qeydiyyata alınmayıbsa “mövcud olmayan tikiliyə” necə qeydiyyata alınmaq olar?! Lakin vətəndaşlarımız bəzən yaşayış yerindən arayış alaraq Daxili İşlər Nazirliyinin yerli qeydiyyat orqanlarına müraciət edirlər ki, onları həmin ünvanda qeydiyyata alsınlar, həmin orqandan qeydiyyatın mümkün olmaması barədə imtina məktubu alaraq məhkəmələrə üz tuturlar.
İnzibati məhkəmələrdə baxılan bu cür işlərdə isə məhkəmələr çarəsiz vəziyyətdə qalan vətəndaşlara kömək etmək üçün faktiki tikililərə bəzən qeydiyyata alınmaqla bağlı müsbət qərarlar qəbul edirlər. Lakin bu vəziyyətdən çıxış yolu deyil, çünki müsbət nəticələnməyən çoxsaylı bu cür situasiyalar da var”. 

Roman Qaraşov bildirib ki, faktiki və hüquqi qeydiyyat bir-birindən fərqləndirilərək əslində daha asan həll yolları mümkündür: 

“Yeni nəsil şəxsiyyət vəsiqələrində, ümumiyyətlə, ünvan məlumatları yazılmadığından elektron bazada bu informasiyaları çevik şəkildə yeniləmək olar.
Faktiki olaraq vətəndaş harada yaşadığını sübut edə bilirsə və hər hansı bu məsələ ilə əlaqədar mübahisə yoxdursa, qeydiyyata alınma həyata keçirilsə, qeyd edilən problemi bir qədər yumşaltmaq olar. Lakin hər bir halda mənzillərin qeydiyyata alınması və qeydiyyatın məhz bu əsasla həlli hazırda yeganə hüquqi yoldur”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO