Azərbaycanı dünyada şərəflə təmsil edən 5 SİMA – Onlar kimdir?

Azərbaycanı dünyada şərəflə təmsil edən 5 SİMA – Onlar kimdir?

Hazırda oxunan: Azərbaycanı dünyada şərəflə təmsil edən 5 SİMA – Onlar kimdir?

115651

Azərbaycan dünyada təkcə karbohidrogen ehtiyatları ilə deyil, həm də elmi potensialı, savadlı insanları ilə tanınıb. Hazırda dünyanın ən aparıcı ölkələrində Azərbaycanlı alimlər çalışır, dünya elminə öz töhvəsini verir.

Bizim.Media bu dəfə Rusiyada elmin müxtəlif sahələrində ad-san qazanan bir neçə soydaşımız barədə məlumat verəcək:

1. Gelogiya-mineralogiya elmlər doktoru Vaqif Kərimov. O, 1949-cu ildə Bakıda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda ali təhsilini tamamlayıb. Əmək fəaliyyətinə elə doğma institutda mühəndis kimi başlayıb.

Pedoqoji fəaliyyəti ilə yanaşı, Vaqif Kərimov 1989-1992-ci illərdə paralel olaraq, “İnkişaf” adlı Respublikalararası təsərrüfat assosiasiyasının (Moskva, Baku) prezidenti, Direktorlar şurasının sədri kimi fəaliyyət göstərib.

Sonrakı illərdə Rusiyada yaşayan Kərimov “Morneft” QSC-nin vitse prezidenti “Orenburqneft” THK ASC-nin Baş direktorunun məslətəçisi, “Yamalneft” ASC-nin Moskva nümayəndəliyinin Baş direktoru (Moskva, 2003-2004) vəzifələrində işləyib. Pedoqoji fəaliyyətinin Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin “Nef və qaz kəşfiyyatının nəzəri əsasları” kafedrasının professoru kimi davam etdirib. 2009-cu ildə həmin kafedranın müdiri vəzifəsinə seçilib.

Professor Kərimov 140 dan çox elmi işin, o cümlədən 20 monoqrafiyanın, ali təhsil müəssisələrin vacib dərsliklərindən sayılan “Neft və qaz toplantılarının axtarışı və kəşfiyyatının nəzəri əsasları və metodları”, “Neftqazaxtarma və sənaye geologiyası”, “Ümumi və regional geotektonika”, “SSRİ-nin Geologiyası” kitablarının müəllifidir. Rusiya Federasiyası Dağ Elmləri Akademiyasının həqiqi üzvüdür; 

2. Tibb elmləri doktoru Ümidvar Ələkbərov 1951- ci ildə Lerik rayonunda anadan olub. O, 1974-cü ildə Nərimanov adına Tibb İnstitutunu bitirib. Cərrah kimi fəaliyyətə başlasa da, bir neçə aydan sonra Leninqrada köçür və fəaliyyətinin Kirov rayonundakı 43 saylı poliklinkanın cərrahı vəzifəsində davam etdirir.

Ümidvar Ələkbərov 1990-cı ildə “Sinənin və qarının şokla müşaiyət olunan torakobdominal yarası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Az sonra o, çalışdığı şöbənin müdiri vəzifəsinə təyin olunur.

Lakin, 1992-ci ildə Qarabağ müharibəsinin qızğın mərhələsində, doğma Vətənində peşəkar həkimə böyük ehtiyac olduğunu anlayan həkim öz xahişi ilə işindən azad olunaraq, Bakıya gəlir.

Ona dərhal kapitan hərbi rütbəsi verilir və Müdafiə Nazirliyinin Mərkəzi hospitalının Təxirəsalınmaz cərrahiyə şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 3 il ərzində cəbhələrdə xidmət keçir.   Ümidvar Ələkbərov 1995-ci ildə yenidən Sankt-Peterburqa, əvvəliki iş yerinə qayıdır. 11 ay sıravi həkim kimi işləyir, sonra isə öz əvvəlki vəzifəsinə bərpa olunur.

2001-ci ildə “Sinə-qurşaq nahiyəsinin güllə yarasından müalicə taktikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edən azərbaycanlı həkim-alim 2002-ci ildən Təcili Yardım ETİ-nun Torakobdominal zədələr şöbəsinin rəhbəridir.

3. Tibb elmləri doktoru Məmməd Əliyev 1955-ci il 8 aprel tarixində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki ATU) bitirib. 1983-cü ildən Moskvadakı Pirorov adına Elmi Tibb Araşdırma Mərkəzinin aspiranturasında təhsil almağa başlayıb, tibb elmləri namizədi alimlik dərəcəsini qazandıqdan sonra, 1988-ci ildə Bakı Travmotologiya və Ortopediya institutunda işləyib.

Məmməd Əliyev doktorluq dissertasiyasını 1990-cı ildə Moskvada Bloxin adına Onkologiya Mərkəzində müdafiə edir. Mərkəzin direktoru, akademik Nikolay Trapeznikov azərbaycanlı həkimə özünün rəhbərlik etdiyi klinikada işləməsini təklif edir.

Təklifi qəbul edən Məmməd Əliyev həmin vaxtdan Moskvada fəaliyyət göstərməyə və yaşamağa başlayır.  İstedadlı həkim 1999-cu ildə “Osteogen sarkomanın müalicəsinin yeni metodlarının işlənməsi və klinik praktikada tətbiqi” işinə görə Rusiyanın Elm və Texnika üzrə Dövlət Mükafatına layiq görülür.

2003-cü ildə Rusiya Tibb Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilən alim 500-ə qədər digər elmi iş və məqalənin, o cümlədən 6 monoqrafiyanın, 2 metodik vəsaitin, 5 kitabın, 7 ixtira və 6 səmərələşdirici təklifin müəllifidir. Rusiya Federasiyasının Əməkdar elm xadimidir.

4. İqtisad Elmləri doktoru İman Əkbərov 1958-ci ildə Ordubad rayonunda anadan olub. Azərbaycan Politexnik İnstitutuna qəbul olunsa da respublika rəhbərliyinin göndərişi ilə ali təhsilini Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda davam etdirib.

İnstitutdan sonra 1987-ci ilədək dəmiryolu sistemində işləyib. 1987-ci ildə doğma instituta qayıdıb, pedoqoji və elmi fəaliyyətə başlayıb. İstehsalatın idarə edilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib.  1991-ci ildən İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru kimi çalışmağa başlayıb.

Qeyd edək ki, bu ali təhsil müəssisəsi Rusiya Federasiyasının ilk özəl ali məktəblərdən biridir. Hazırda İmran Əkbərov iqtisad elmləri doktoru, professordur. Onun elmi rəhbərliyi ilə 15 namizədlik, 2 doktorluq dissertasiyası müdafiə olunub.

Son illər Rusiyanın cənub zonasında olan bir sıra ali məktəblərin birləşməsi nəticəsində yaradılan Cənubi Rusiya Universitetinin rektorudur. Rusiya üzrə ilk özəl ali məktəb lisenziyası alan universitet Krasnodar, Rostov, Stavropol, Volqoqrad, Vladiqafqaz şəhərlərini əhatə edir. Təhsil ocağının 25 mindən artıq tələbəsi, 5 min nəfərlik professor-müəllim heyəti vardır.

Rusiya dövləti alimin xidmətlərini yüksək qiymətləndirib. İmran Əkbərov Rusiya Federasiyasının fəxri ali təhsil işçisidir. Respublikanın Təhsil və Elm Nazirliyi Akkreditasiya Kollegiyasının 33 üzvündən biridir.

Kollegiyada Cənubi Rusiyanı təmsil edir. Eyni zamanda Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidentidir.

5. Fəlsəfə üzrə elmlər doktoru Məhərrəm Behbudov 1960-cı il 8 iyun tarixində indiki Xocavənd rayonunda dünyaya gəlib. 1985-ci ildə Leninqradda Kalinin adına Politexnik İnstitutuna (indi Sankt-Peterburq Dövlət Politexnik Universiteti) qəbul olunub, tikinti mühəndisi ixtisası üzrə təhsil alıb. 1990-cı illərin əvvəlində, yəni Məhərrəm Behbudov universitet təhsilini başa vurduğu dövrdə qüdrətli SSRİ iqtisadiyyatının çökmə mərhələsi yenicə başlamışdı.

Belə bir məqamda O, digər bir tərəfdaşı ilə birlikdə “Volneks” adlı şirkət yaratdı. Məhərrəm Behbudovun 1993-cü ildə yaratdığı və indiyəcən prezidenti olduğu “M-İndustriya” şirkəti bu gün Sankt-Peterburqun 10 ən iri tikinti şirkətlərindən biridir.

Soydaşımızın biznes sahəsində qazandığı uğurun təkanverici faktorlarından biri də onun tikinti işinə savadlı, elmi əsaslara söykənən münasibət göstərməsidir.

Belə ki, o, biznes fəaliyyəti ilə yanaşı elmi bigilərini də artırmaqda israrlı olmuş, 1990-ci illərin əvvəlində öz ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini qazanmışdır.

Lakin bunula kifayətlənməyən alim-biznesmen, iqtisadiyyatı mükəmməl öyrənməyə çalışır və tezliklə, yeni bir namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini də qazanır.

Məhərrəm Behbudovun doktorluq dissertasiyası fəlsəfə sahəsində olub. Fəlsəfə üzrə elmlər doktoru, “M-İndustriya” tikinti şirkətinin prezidenti Məhərrəm Behbudov hazırda Sankt-Peterburqun nüfuzlu şəxslərindən biridir. Şəhərin inkişafına verdiyi töhfələrə görə çoxlu sayda mükafatlarla təltif edilib.

Məsələn, 2003-cü ildə ona “Rusiya iqtisadiyyatının lideri” nişanı, 2004-cü ildə “Slava Rossii” ordeni, 2005-ci ildə Rusiya Prezidenti Vladimir Putinun imzasıyla saat, 2007-ci ildə “Zolotaya zvezda” ordeni və digər onlarla mükafat təqdim edilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO