Polis yaşayış yerindən kənarda qalanları necə CƏRİMƏLƏYƏCƏK? – Prosedurun TAM İZAHI 

Polis yaşayış yerindən kənarda qalanları necə CƏRİMƏLƏYƏCƏK? – Prosedurun TAM İZAHI 

Hazırda oxunan: Polis yaşayış yerindən kənarda qalanları necə CƏRİMƏLƏYƏCƏK? – Prosedurun TAM İZAHI 

115200

Xəbər verildiyi kimi Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazisində 60 gündən artıq müvəqqəti yaşayan vətəndaşların qeydiyyata alınması ilə bağlı prosedulara izah verib. Belə ki, yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.

Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

Bununla bağlı qanununvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya barəsində 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur. DİN bu addımın zəruriliyi haqqında izahat verib.
Amma DİN-in bu açıqlaması ictimaiyyətdə ciddi səs-küy yaradıb. Məsələnin sadə dildə anlaşılması üçün prosedur qaydalarına Bizim.Media-da hüquqşünas Əsabəli Mustafayevlə aydınlıq gətirmişik.

O, vətəndaşların ölkə daxilində qeydiyyatda olduğu ərazidən kənarda yaşamaq və işləmək qaydalarının necə icra olunduğunun izahını belə verib:

“Bir var vətəndaşın yaşadığı ünvan, biri də var faktiki ünvan...Bəzən bunlar üst-üstə düşmür. Bu həm o şəxsin özü, həm də hökumət üçün müəyyən problemlər yaradır. Tutaq ki, şəxs Ağsu rayonunda faktiki qeydiyyatdadır, amma Bakıda yaşayır və hüquqi müdafiəsi üçün məhkəməyə müraciət etməlidir. Yəni yaşayış yeri üzrə müraciət etməlidir.

Belə çıxır ki,  şəxs Ağsuya gedib, orada məhkəməyə müraciət etməlidir. Halbuki faktiki olaraq Bakıda yaşayır və işləyir. Amma vətəndaş müvəqqəti olaraq Bakıda qeydiyyatda olarsa, öz hüquqlarını elə yaşadığı yerdə də reallaşdıra bilər.

Yaxud qeydiyyatda olduğu ünvanda da bələdiyyə, parlament və prezident seçkilərində səsvermədə iştirak edə bilər. Elə xidmət növləri var ki, o yaşayış yeri üzrədir. Qanun məsafəni ayırmır. Bir küçədə belə faktiki və yaşayış yeri ayrıdırsa, yaşadığın yerdə qeydiyyata düşməlisən”.

Hüquqşünasın sözlərinə görə sözügedən praktika bütün hüquqi dövlətlərdə var:

“Amerika və Avropa ölkələrində də var ki, insan əgər müəyyən müddət qeydiyyatda olduğu ünvanda deyil, digər ünvandadırsa, o, orada qeydiyyata dayanmalıdır. Bu tələb bütün dünyada var. Sadəcə olaraq Azərbaycanda buna bir qədər problemli baxırlar.
Ola bilsin ki, bu, onunla əlaqəli idi ki, bundan ötrü gərək polis bölməsinə gedəsən, orada növbədə dayanasan və müraciət edəsən. İndi bunun elektron müraciət forması var və ola bilsin ki, ASAN Xidmətdə də gələcəkdə belə bir xidmət növü açılsın.

Problem ondadır ki, bundan ötrü ev sahibinin və ya kupçası olan şəxsin razılığı olmalıdır. Bizdə ev sahibləri belə məsələdə razılığa gəlməyə qorxurlar. Hesab edirlər ki, kimsə onun evinə müvəqqəti qeydiyyata düşsə, şəxs onunla birgə evə şərikdir.

Sadəcə olaraq insanlara izah etmək lazımdır ki, bu, belə deyil və ev sahibləri özləri maraqlı olmalıdırlar ki, evinə qeydiyyata düşən şəxsi axtarıb tapmaq üçün bu vacibdir. Müvəqqəti qeydiyyata düşən adamın o evə heç bir hüququ olmur. Fikrimcə, insanlar arasında bu prosedurla bağlı bir davamlı maarifləndirmə işi aparılmalıdır”.

Əsabəli Mustafayev əlavə edib ki, sözügedən prosedur həm də hüquq mühafizə orqanlarının fəaliyyətində müəyyən tənzimləmə gətirmək üçün lazımdır:

“Kimlərsə vacib bir məsələdən ötrü axtarılır,  yaxud şübhəli şəxs və itkin vətəndaşdır. Şəxsin yeri məlum olmayanda hüquq mühafizə orqanları, məhkəmə orqanları da çətinlik çəkir. Ümumiyyətlə bu məsələdə çox xaotik bir vəziyyət yaranıb.

Əgər hüquqi dövlət qurmaq istəyiriksə, burada hamının məsuliyyəti var. Onu da deyim ki, bu tələb qanunvericilikdə çoxdan var. Yəqin problem elə həddə çatıb ki, hüquq mühafizə orqanları müəyyən tədbirlər görməyə məcbur qalıblar”.
Qeyd edək ki, şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası özünün, qohumunun, tanışının və başqaları başa düşülür.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO