Göyçay rayonunda 26 yaşlı hamilə qadın yaşadığı evdə qəfildən dünyasını dəyişib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1997-ci il təvəllüdülü Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və o, yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü görüblər.
Qeyd edək ki, bətnində 8 aylıq körpəsi olan Fidan Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Həkimlər onu müayinə edən zaman bətnindəki uşağın da öldüyünü aşkar ediblər.
Mərhumun ölüm səbəbi hələ ki, məlum deyil. Onun meyidi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomoya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Müayinə və ekspertiza rəyindən sonra ölümün dəqiq səbəbi aydın olacaq.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu