Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu istiqamətdə hüquqi bazanın yaradılması və struktur dəyişiklikləri də öz əksini tapmaqdadır. Media aləmi də bu yenilənmələrdən kənarda qalmayıb. 2 il əvvəl Medianın İnkişafı Agentliyinin yaradılması informasiya məkanında dəyişiklik dövrünün başlanğıcı oldu.
Medianın İnkişafı Agentliyini 2 yaşının tamamında Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin simasında sorğuladıq.
Bu müddətdə uğurlar, problemlər nələr oldu? Növbəti il üçün hədəflər, planlar nələrdir?
Natiq Məmmədli Bizim.Media-nın suallarına cavab olaraq bildirdi ki, bu iki ilin ən böyük nailiyyəti “Media haqqında” qanunun işlənib hazırlanması və geniş ictimai müzakirədən sonra qəbul olunması oldu:
“Bu, Azərbaycanda yeni informasiya mühitinin hüquqi bazasını əsaslandıran bir sənəddir. Bu dövr ərzində ölkənin media təmsilçiləri ilə MEDİA Agentliyi təşkilatlanma mərhələsini keçdi”.
Natiq Məmmədli MEDİA Agentliyinin ölkə mediasının problemlərini bildiyini və inkişafı üçün müxtəlif konsepsiyalar, müxtəlif dövlət orqanları üçün təkliflər hazıırladığını deyib:
“Nizamnamədə əksini tapmış prinsiplərdən çıxış edərək dövlət tərəfindən MEDİA-nın inkişafı üçün hansı addımlar atılmalıdırsa, o istiqamətdə işlər görürük. Bu proses jurnalistlərlə təmas halında gedir. Agentliyin binası bu gün jurnalistlərin görüş yeri, fikir mübadiləsi aparmaq üçün bir məkandır”.
Həmsöhbətimiz bir daha media reyestrinin mahiyyətinə toxunub və onun əhəmiyyətindən söz açıb:
“Keçən ilin oktyabr ayında media reyestri fəaliyyətə başladı. Bu bizə Azərbaycanda jurnalistikanı kəmiyyət və keyfiyyət baxımından dəyərləndirmək üçün əlimizdə statistikanın toplanması üçün imkan verəcək. Reyestr yalnız məlumat xarakteri daşıyan elektron data sistemidir. Burada jurnalistlərimizin sayı, təhsil səviyyəssi, media subyektlərinin əməkdaşları, təsisçiləri, məsul redaktorları haqqında cəmlənmiş statistikanı nəzərdən keçirəcək, onun əsasında təhlillər aparacağıq”.
Natiq Məmmədli ötən ilin uğurları sırasında jurnalistlərin ipoteka alan kateqoriyaya daxil olmasını da vurğulayıb:
“Ötən ilin fevral ayında “Media haqqında” qanun cənab Prezident tərəfindən təsdiqləndikdən sonra ipoteka qanunvericiliyində də dəyişiklik olundu. Jurnalistlər ipoteka alan kateqoriyaya daxil edildi. Burada söhbət yalnız jurnalistin mənzil-məişət sisteminin yaxşılaşdırılması deyil, eyni zamanda dövlətin jurnalistə verdiyi qiymətdir. Sosial ipoteka alanlar cəmiyyətin həssas, qayğıya ehtiyaccı olan və seçilmiş təbəqəsidir. Buraya jurnalistlərin də əlavə edilməsini ciddi uğur hesab edirəm”.
Çap mediası barədə danışan həmsöhbətimizin fikrincə, hazırkı vəziyyətdə qəzetlərin öz varlıqlarını qoruması üçün dövlət dəstəyi şərtdir:
“Çap mediasının öz varlığını qoruması faktiki olaraq dövlətin dəstəyi olmadan mümkün deyil. İndi çap mediası çətin dövrünü yaşayır. Qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsi də əlamətdar hadisə idi. Əks halda qəzetlərin maya dəyəri hazırkı qiymətdən dəfələrlə yüksək ola bilərdir. Biz çalışırıq ki, həm ciddi fikir, həm də intellektual jurnalistika tribunası kimi qəzetlərimiz yaşamağa davam etsin. Dövlət bunun üçün dəstək göstərir”.
Natiq Məmmədli jurnalistlərin Şuşada keçirilən peşə bayramından da söz açıb:
“Bu il ərzində özümü bir jurnalist kimi qürurlandıran hadisə ilk dəfə olaraq Şuşada Azərbaycan jurnalistlərinin öz peşə bayramlarını beynəlxalq əhəmiyyətli forumla qeyd etməsi oldu. Cənab Prezident Azərbaycan jurnalistlərinə müraciət etdi və nitqində jurnalistlərin həm Vətən müharibəsindəki iştirakları, həm həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasını yüksək qiymətləndirdi. Bütün bunlar bizim iki ildə gördüyümüz, iştirak etdiyimiz işlərin əsas elementləridir”.
Tənqidlər, iradlarla bağlı məqama toxunan həmsöhbətimiz alternativ fikir daşıyıcısı olan hər kəslə diqaloqa hazır olduqlarını bildirib:
“Biz agentliyin fəaliyyəti ilə bağlı hər kəsin birmənalı qiymət verməsi iddiasında deyilik. Burada müxtəlif fikirlər ola bilər. Elə Azərbaycan mediasının, ictimai fikrinin də gücü plüralizmin olmasındadır. İstər agentliyin, istərsə də ölkənin informasiya sisteminə münasibətdə alternativ fikir daşıyıcısı olan həm media subyektləri, həm jurnalistlərlə daim dialoqa açığıq. Hətta Azərbaycana qarşı birmənalı şəkildə qara yaxan, imicini ləkələməyə çalışan bir sıra beynəlxalq qeyri hökumət təşkilatlarına da müraciət edərək Azərbaycan haqqında hesabat hazırlayıb fikir bildirəndə bizim də fikrimizi soruşun. Onlarla da dialoqa hazır olduğumuzu bəyan etmişik”.
Natiq Məmmədli problemlərlə bağlı suallarımızı cavablandırarkən bildirib ki, bunlar iqtisadi çətinliklərlə bağlıdır:
“Çətinliklər media subyektləri arasında olan haqsız rəqabətlər, reklam bazarının tənzimlənməsi ilə bağlıdır. Bu istiqamətdə həmkarlarımızın iradlarını dinləyir və ortaq məxrəc tapmaq istəyirik. MEDİA Agentliyi özü hansısa qəzetin, saytın, televiziya kanalının təsisçisi deyil. MEDİA Agentliyi Azərbaycanın media bazarında tərəf kimi çıxış etmir. Biz problemi ümumi media konteksindən görür və bunun həlli üçün konseptual səciyyə daşıyan həllər veririk. Bizim məqsədimiz birmənalı şəkildə hansısa bir saytın və ya hansısa bir media holdinqinin piarını və menecment işini yaxşı qurub onu inkişaf etdirmək deyil.
Biz bütün Azərbaycan mediası – bölgələrində, şəhərlərində olan media subyektləri, onların informasiya mühitinin daşıyıcısı olan istənilən jurnalist haqqında düşünürük və onların problemlərini fərdilikdən çox ümumiləşdirərək həlli yolunda çalışırıq ki, nəsə töhfə verək”.
Natiq Məmmədli MEDİA-nın növbəti illər üçün planları barədə sualımızı isə belə cavablandırıb:
“MEDİA-nın məqsədi Azərbaycanın informasiya mühitini sağlamlaşdırmaq, müasirləşdirmək və jurnalistin nüfuzunun artması istiqamətində addımlar atmaqdır. Jurnalist peşəkarlığının artırılması, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi və media mühitinin sağlamlaşdırılması istiqamətində addımlar atmağa davam edəcək, layihələrimizi həyata keçirəcək, nizamnamədə əksini tapmış, səlahiyyətləri daxilində öhdəliklərini həyata keçirməkdə davam edəcək”.
Aləmdə Nəsib, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 13.01.2023
MEDİA 2 YAŞINDA: Problemlər, perspektivlər barədə Natiq Məmmədli ilə MÜSAHİBƏ
Hazırda oxunan: MEDİA 2 YAŞINDA: Problemlər, perspektivlər barədə Natiq Məmmədli ilə MÜSAHİBƏ
Hazırda oxunan: MEDİA 2 YAŞINDA: Problemlər, perspektivlər barədə Natiq Məmmədli ilə MÜSAHİBƏ
114612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.