2020-ci il ərzində Respublika ərazisində ümumilikdə 35 548 heyvan dişləməsi qeydə alınıb ki, onlardan 30 289-u it dişləməsidir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
İcra hakimiyyətləri sahibsiz itlərə qarşı məsuliyyətsizlik edirlər - ARAŞDIRMA
Rəqəmlər vəziyyətin çox təhlükəli olduğundan xəbər verir. İstər şəhərdə, istərsə də digər rayonlarda sahibsiz itlərin sayı kifayət qədərdir. Həmin itlərin zərərsizləşdirməsi ilə bağlı tədbirləri isə rayon icra hakimiyyətləri görməlidirlər. İt qapma hallarının çoxalması təhlükəsizliklə bağlı hər hansısa tədbirlərin məsuliyyətli şəkildə aparılmamasına işarədir.
Bəzən, itlərin təhlükəsiz olması üçün onları axtalayırlar.
Ekspert Asəf Ömərov deyir ki, Azərbaycanda küçə itlərini axtalandıqdan sonra təhlükəsiz etmir. İtlərdə quduzluq xəstəliyinin qarşısını yalnız peyvəndlənmə ilə almaq mümkündür.
O, əlavə edir ki, Azərbaycanda quduzluğa qarşı passiv monitorinq aparılır:
“Aktiv monitorinq yalnız bruselyoz xəstəliyinə qarşı aparılır. Baytar həkim özü gedib, heyvanlardan nümunələr götürür. Passiv monitorinqdə isə bir hadisə olarsa, ondan sonra nümunələr götürülüb, araşdırmalar aparılır".
"Quduzluğa qarşı mübarizəni Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi həyata keçirir. Yalnız ev itinə və pişiklərə iynə vururlar. Peyvəndlər üçün dövlət büdcəsindən vəsait ayrılır. Heyvanlar quduzluq əleyhinə antirabik inaktivasiya olunmuş vaksin ilə peyvəndlənirlər".
"Bu peyvəndin də qoruma müddəti 6 aydır. Azərbaycanda vəhşi təbiətdə isə heyvanlara qarşı quduzluq əleyhinə mübarizə aparılmır. Lakin beynəlxalq aləmdə belə bir təcrübə var ki, qarlı havada meşələrdə heyvanlar oral vaksinasiya olunur. Daha sonra vaksin olunmuş ət parçalarını ətrafa dağıdırlar. Bu vasitə ilə quduzluğun yayılmasının qarşısı alınır”.
Maraqlıdır ki, ölkəmizdə quduzluq əleyhinə mübarizə tədbirləri necə həyata keçirilir? Nə qədər heyvan quduzluq əleyhinə vaksinasiya olunub? Ümumiyyətlə bu mexanizm necə tənzimlənir?
Məlumat üçün bildirək ki, əvvəllər Kənd Təsərüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Xidməti fəaliyyət göstərirdi. İndi ölkədə quduzluğun qarşısını almaq üçün iki qurum birgə çalışır.
Biri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), digəri isə Aqrar Xidmətlər Agentliyidir. AQTA-dan aldığımız məlumata görə, onlar yalnız peyvəndləməyə nəzarət edirlər. Quduzluq xəstəliyinə qarşı Azərbaycan Respublikasında epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planında uyğun olaraq sahibli və sahibsiz itlər arasında vaksinasiya, eləcə də, vəhşi heyvanlar üçün peyvəndləmə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.
Nəzərinizə çatdıraq ki, AQTA bu sahədə nəzarət orqanıdır və ev heyvanları, eləcə də vəhşi heyvanlar arasında qeyd olunan xəstəliyə şübhəli hal olduqda zəruri baytarlıq nəzarət tədbirləri həyata keçirilir.
Bu zaman nümənələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb edilir. Xəstəliyin törədicisi aşkar olunduqda Agentlik tərəfindən baş vermə səsbəblərinin araşdırılması, epizootik vəziyyətin qiymətləndirilməsi və ərazilərdə xüsusi baytarlıq nəzarət tədbirləri həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyindən isə bildirdilər ki, yalnız AQTA-nın apardığı monitorinqlərdən sonra onlara ərazi və say haqda məlumat verilir, bunun ardınca peyvəndləməyə başlayırlarə.
AQTA isə bu zərurətin nə vaxt yarandığını, sayı necə və hansı üsulla müəyyənləşdirdiyini “sirr” saxlayır. Təbii ki, heç bir it də kiminsə qapısına gedib məni peyvəndləyin deməyəcək.
Gülşanə Mustafayeva, Bizim.Media