Bayram axşamına orqanizmi necə hazırlamaq lazımdır? - EKSPERT

Bayram axşamına orqanizmi necə hazırlamaq lazımdır? - EKSPERT

Hazırda oxunan: Bayram axşamına orqanizmi necə hazırlamaq lazımdır? - EKSPERT

112465

Bayram süfrələrini şirniyyatsız, plovsuz, dolmasız təsəvvür etmək mümkün deyil. Təntənəli bayram süfrəsini bu yeməklərlə yanaşı müxtəlif salatlar, meyvə, çərəz, qazlı, spirtli içkilər və s. bəzəyir. Bir çoxumuz bu ləzzətin qarşısında tab gətirə bilmir, “bu gün bayramdır” deyərək məsum bəhanələrlə yeməyə nəzarəti itiririk.

Beləcə nəfsimizə hakim kəsilə bilmir, sonunda peşmanlıqla baş-başa qalırıq. Bəs belə olmaması üçün bayram günlərində necə qidalanaq? 

Mövzu ilə bağlı Bizim.Media-nın müsahibi qidalanma məsləhətçisi Türkanə Babayeva olub. Onunla bayram axşamı və sonrakı günlərdə özümüzü yaxşı hiss etmək, yediklərimiz üçün peşman olmamaq üçün necə qidalanmalı olduğumuz barədə həmsöhbət olmuşuq. 

Mütəxəssisin fikrincə, əvvəla, bədəni axşam üçün hazırlamaq lazımdır:

“Bayram günlərində insanlar çox kalorili yeməklərlə qidalanırlar. Bizim ənənəvi bayram yeməklərimiz də çox yağlı olur. İnsanlar həmin yağlı yeməklərlə yanaşı müxtəlif şirniyyatlardan da istifadə edir, spirtli, qazlı içkilər içirlər. Hədsiz qida qəbulu nəticəsində insanda şişkinlik yaranır. Belə olan halda bayram gününün səhəri yüngül qidalanmaq lazımdır. Səhər yeməyi üçün, məsələn, soyutma yumurta, az yağlı kəsmik, iki dilim çörək, xiyar, pomidorla hazırlanmış salat və s. ilə qidalana bilərlər. Günorta bulqur, noxud, qarabaşaq, lobya kimi ağır karbohidratlar yerinə, salat, toyuq əti, ton balığı kimi məhsullarla qidalana bilərlər. Bu zaman bədən axşam üçün hazırlanmış olur.

Yeməkdən yarım saat əvvəl maye qəbulunu dayandırmaq, yemək zamanı istifadə etməmək lazımdır. Qazlı, rəngli, şirin içkilər isə ümumiyyətlə, məsləhətli deyil. Süfrədə mineral suyun olması məsləhətlidir. Mineral suya nanə, limon dilimi atıb içmək olar. Bayram axşamı içki qəbulu da önəmli nüanslardandır. Bayram səhəri baş ağrısı, ağırlıq hiss etməmək üçün qəbul edilən alkoqol miqdarında maye qəbulu məsləhətlidir”. 
Mütəxəssis qeyd edib ki, mədədən əvvəl gözü doydurmaq lazımdır:

“Bağırsaq bizim ikinci beynimiz olduğu üçün düzgün qidalanma sağlamlığımıza və əhval-ruhiyyəmizə ciddi təsir edir. Bayram süfrəsində böyük ölçülü boşqablardan istifadə etmək məsləhət görülür. Bu həm hər şeyin dadına baxmaq, həm də yedikdən sonra peşman olmamaq üçün bu psixoloji olaraq kömək edəcək. Bu zaman hər təamdan boşqabına yığmaq və necə deyərlər, gözü doydurmaq lazımdır. “Mayonez”siz salatlara üstünlük vermək, salatlarda zeytun yağından istifadə etmək məsləhətlidir”. 

Türkanə Babayeva, həmçinin bayram səhəri yaşanan xoşagəlməz hallara da toxunub: 

“Bayram səhəri axşamkı qidalanmanın təsiri ilə yorğunluq, başağrısı ola bilər. Başağrısı olan insanlara ağrıkəsici qəbulu məsləhət deyil. Bu zaman yaxşı bir duş almaq daha yaxşı hiss etdirəcək. Halsızlıq hiss edənlər isə qan şəkəri aşağı düşübsə, təbii meyvə suyu içə bilərlər”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO