Bir-birindən cəmi 6 metr uzaqlıqda yerləşən iki kənddən birində mənzillər mavi yanacaq, digəri isə odunla qızdırılır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qeyd olunan iki yaşayış məntəqəsi Şəkinin İnçə və Zunud kəndləridir.
Bu yaxınlığa görə, İnçə və Zunudu qardaş yaşayış məntəqələri də adlandırırlar.
Bu kənd sakinlərinin xeyr-şərləri birdir, qohum-əqrabalıqları isə hər gün artır. Lakin bir məsələ, problem var ki, İnçə ilə Zunudu ayırır. O da mavi yanacaq məsələsidir. İllərdir inçəlilər qazdan faydlanaraq rahat həyat sürdüyü halda, zunudlular mavi yanacağa həsrət qalıb.
Əməkdaşlarımız Zunud sakinləri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
İnçə ilə Zunud kəndləri dağların ətəyində yerləşir. İlin bütün fəsillərində göz oxşayan təbiətə malik bir mənzərəsi var. Kəndlərin hər tərəfi dağlarla əhatələnib. Di gəl ki, payız gələndə zunudluların mavi yanacaqla bağlı qayğıları başlayır.
Qeyd edək ki, İnçə və Zunud kəndləri bir icra nümayəndəliyinə daxildir. Yolun sağ tərəfi İnçə, sol tərəf isə Zunud kəndidir.
İllərdir ki, İnçə sakinləri mavi yanacaqdan istifadə edir, çox təssüf ki, yolun digər tərəfində yerləşən Zunud sakinləri dəfələrlə müraciət etmələrinə baxmayaraq, hələ də onlara mavi yanacaq xətti çəkilməyib.
Elə ki, payız ayları gəlir, soyuqlar sərt üzünü göstərməyə başlayır, Zunud sakinlərinin də yanacaq qayğısı yaranır. Burada ev-eşiyi odun yanacaqla təmin etmək vacib şərtlərdən biridir.
Sakinlər bizi kəndin mərkəzində qarşılayır.
Söhbətə yenicə başlamışdıq ki, yaxınlıqdakı həyətdə balta səsi eşidirik. Həyətindəki ağacı kəsən Polad Məmmədova yaxınlaşırıq.
”Payız ayları gəldi biz həyətdəki qoz, fındıq ağaclarını məcburiyyət qarşısında kəsib yandırırıq. Bizə qaz vermirlər, meşəni də qırma deyirlər. Biz nə yandırmalıyıq?!” deyə P. Məmmədov narazılığını ifadə edir.
Qonşuluqdakı digər sakin Pərviz Ziyəddinovun da odun tədarük etdiyini görüb onların həyətinə yönəlirik. Ziyəddinovlar ailəsi böyükdü. Evdə valideynləri ilə yanaşı iki övladı böyüyür. Gün boyu evdə odun peçi yanmazsa ailənin sağlamlığı da olmayacaq.
Bu isə ayda 12-15 kub metr odun deməkdir ki, bunun üçün ailəyə 300-400 manat əlavə vəsait tələb olunur:
”Odundan problem çəkirik biz. Fındıqlardı, zoğaldı, xurnikdi, qozdu artıq qırmışıq. Odun almağa imkan yoxdu. 25 manatdı metrəsi. Gücümüz çatmır, qışda 30-40 metrə odun istifadə edirik biz. İldə 1500-1700 manat pul lazımdı bizə ki, odun alaq”.
Sakinlərlə söhbətdən bəlli olur ki, vaxti ilə kəndə qaz xətti çəkilibmiş. Sonradan kimlərsə həmin xətləri söküb aparıb.
Kənd ağsaqqalı İmayəddin Aslanov deyir ki, uzun illərdir bu məsələ ilə əlaqədar müraciət etmədikləri ünvan qalmayıb:
“Dəfələrlə müraciət olunub qaz haqqında hələ də müsbət cavab yoxdur. Halbuki, 1992-ci ildə iri həcmli qaz trubaları kəndin ən axırıncı evinə kimi çəkiliş oldu. Qaldı ancaq evlərə paylanış. Nəhayət 6-7 il bundan qabağa bilinməyən təşkilat tərəfindən, kim tərəfindənsə müəmmalı tərəfdən o qaz trubalarının hamısı sökülüb aparıldı”.
Sakinlərin müraciəti ilə bağlı “Azəriqaz” istehsalat birliyi ilə əlaqə saxladıq. Qurumun rəsmisi bildirib ki, növbəti ilin təqdiqlənmiş iş planına uyğun olaraq rayonun Şin kəndi qazlaşdırılacaq. Növbəti mərhələlərdə isə Zunud kəndinin qazlaşdırılması həyata keçiriləcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 24.12.2022
Şəkidə YANACAQ PROBLEMİ - “Aralarında 6 metr məsafə olan bir kənddə qaz var, digərində yox”
Hazırda oxunan: Şəkidə YANACAQ PROBLEMİ - “Aralarında 6 metr məsafə olan bir kənddə qaz var, digərində yox”
Hazırda oxunan: Şəkidə YANACAQ PROBLEMİ - “Aralarında 6 metr məsafə olan bir kənddə qaz var, digərində yox”
111445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.