Müharibədən Azərbaycana sığınan ukraynalı uşaqlar – Qəbələdən REPORTAJ

Müharibədən Azərbaycana sığınan ukraynalı uşaqlar – Qəbələdən REPORTAJ

Hazırda oxunan: Müharibədən Azərbaycana sığınan ukraynalı uşaqlar – Qəbələdən REPORTAJ

109822

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə növbəti dəfə ölkəmizə Ukraynadan bir qrup uşaq və yeniyetmə təşrif buyurub.  30 nəfər ukraynalı uşaq və gənc artıq Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilib və reblitasiya proseslərinə cəlb olunub.  

Bizim.Media-nın yerli bürosunun əməkdaşı Qəbələdə reablitasiyaya cəlb edilən həmin uşaqlarla görüşərək həmsöhbət olub, onlara göstərilən qayğı ilə maraqlanıb. 

Səhər yeməyindən sonra uşaqlar müxtəlif bölmələr üzrə prosedurlara cəlb edilir. Fürsətdən yararlanıb onların məşğuliyyəti ilə tanış oluruq və söhbət edirik.
7-ci sinif şagirdi Tamilla Tretyak:

“Burada özümüzü ailəmizdəki kimi hiss edirik. Çox xoş və böyük sevgi ilə qarşılandıq. Qısa müddətdə bir ailə olduğumuzu hiss etdik. Maraqlı proqramlar təşkil olunur. Bu insanlıq və qonaqpərvərliyi unutmayacağıq”.

Mərkəzin digər bir otağında qrupla psixoloq məşğul olur. Oksana Oryol müharibə acılarını yaşayan daha bir ukraynalıdır:

“Bilirsiz Ukraynada müharibə gedir və bizdə olduqca çətin dövr yaşayırıq. Mən ailəmlə 21 gün mühasirədə qalmışam və o dəhşətləri anlatmaqda acizəm. Burda mənim üçün xoş keçir. Uzun müddətdən sonra səhərimi raket atəşləri altında deyil, sakit açıram”.

Elə buradaca İrina Vişnevskayanın narahatedici baxışları diqqətimizi çəkir. Olduqca həyəcanlıdır, fikirlərini izah edərkən gözləri pəncərədə qalır sanki indi yaxınlığına bomba düşcək:

“Bəzən mənə elə gəlir ki, elə indicə atışma başlayacaq, raket hücumu olacaq, bombalar partlayacaq. Yox, hələ ki, sakitlikdir… Burada bizə ailəmizdə gördüyümüzdən də yaxşı qayğı göstərilir”.

Bir ilə yaxındır çaya, dənizə girə bilməyən uşaqlar üçün Qəbələdə elə qış günlərinin boran-sazağında da əsl fürsət yaranıb. Hovuzda çimirlər. üzmək üçün müəllimlərdən təlimlər alırlar:

Timur Xomostenko gəlişimizin məqsədini bilən kimi tərəddüd etmədən bizimlə həmsöhbət olur:
“Mən əla üzə bilirəm. Ukraynada davam edən müharibə səbəbindən bir ildir ki, nə dənizə nə də çaya gedə bilmirik. İndi əla fürsət yaranıb. Hər gün burada üzürəm. Buralar çox xoşuma gəldi, hovuzda çimirik, dadlı yeməklər verilir, bir sözlə əla əylənirik”.

Uşaqlar gələn gündən Azərbaycan və olduqları Qəbələ haqda ətraflı məlumatlar toplayır və çalışırlar ki, təsəvvürlərini əli işlərində canlandırsınlar. İndi mərkəzin bir guşəsini onların əl işləri-rəsmləri bəzəyir.

Divarda asılan rəsımlər sırasında ən çox Elena Tretyakən əl işləri nümayiş etdirilir. Xüsusən Azərbaycan və Ukrayna bayraqlarının əks olunduğu rəsm diqqətimizi çəkir:   

“Ukraynada müharibə gedir, acınacaqlı bir dövr yaşayırıq. Bizim ailə də hamı kimi çətin günlər keçirir. Yaxşı ki, Azərbaycan tərəfdən bu xoş təşəbbüs göstərildi. Müharibənin od-alovundan çıxmış uşaqlar sanki cənnətə düşmüşük.

Göstərilən diqqətə görə təşəkkür edirik. Buradakı rəsmlərə gəlincə, əlbəttə rəsm çəkməyi xoşlayıram. Gələcək taleyimi rəssamlıqla bağlasam sözsüz ki, Azərbaycan mənzərələrini çəkib dünyada onun ən yaxşı təbliğatçısı olacağam”. 

Qrup rəhbəri İrina Piddobna prosedurlar zamanı bütün otaqları gəzir, uşaqların asudə vaxtının səmərəli keçməsinə nəzarət edir. Danışarkən gözləri yaşarır:

“Çətin günlərimizdə yanımızda olan, xüsusən uşaq və yeniyetmələrə bu cür şərait yaradan Azərbaycan xalqının bu qonaqpərvərliyini unutmayacağıq. Gördüyünüz bu uşaqlar ailələrindən uzaq düşsələr də elə burada daha isti və mehriban bir ailəyə qovuşublar. Biz mütəmadi Ukrayna ilə danışırıq, valideynlərlə canlı bağlantılar qururuq. Bir sözlə darıxmağa vaxtımız yoxdu. Getdiyimiz, gördüyümüz məkanlardan onlara da bəhs edirik. Azərbaycana isə “SAĞ OL” deyirik, heç nə və heç kim unudulmayacaq”.

Mərkəzin direktoru Vidadi Qarayev keçmiş hərbçi-həkim kimi uşaqların ağrı-acısını yaxşı anladığını deyir. Bildirir ki, uşaqların sevincini görəndə, bu bizlərə də böyük sevinc bəxş edir:

“Hazırda onların reablitasiya xidmətləri keçmələri üçün bütün şərait yaradılıb. Burada həm tibbi reablitasiya həm tibbi-sosial yardım, həm müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, massaj, fizoterapiya prosedurları, hidroterapiya, hovuz və vannalardan istifadə edirlər ki, uşaqlar bunu çox gözəl qarşılayır” . 
Mərkəzin direktoru sözlərinə onu da əlavə edir ki, ukraynalı uşaqların asudə vaxtları üçün xüsusi gəzinti və əyləncəli proqramlar təşkil edilir. Onlar Qəbələ və Şəkinin tarixi məkanlarına səfər edir, turizm mərkəzlərinə, elm-təhsil müəssisələrinə həmçinin istehsal sahələrinə səfərləri təşkil olunur. Yerli yaşıdları ilə də tanışlıq fürsəti əldə edə bilirlər.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO