Bakının ənənəvi qış problemlərindən biri də təbii qazın verilişində tez-tez fasilələrin yaranmasıdır. Demək olar ki, hər gün bir ərazidə qaz 7-8 saat məhdudlaşırılır. Sanki qaz xətlərində yaranmış sızma, korreziya və ya yenilənmə ilə bağlı problemlər qış aylarında baş qaldırır.
Artıq bu məsələ ənənə halını alıb. Sosial şəbəkələrdə və ictimaiyyətdə isə narazılıqların sayı bitmir.
“Azəriqaz” İstehsalat Biirliyinin mətbuat katibi Ceyhun Səfərov Bizim.Media-ya açıqlamasında qazın verilişindəki məhdudiyyətləri tədbirlər planı ilə icra olunan məsələ ilə əlaqələndirib:
MÖVZU İLƏ BAĞLI:
“Azəriqaz” sayğaclarla bağlı məsələyə aydınlıq gətirdi
“Biz də problemlərin çoxusunu elə sosial şəbəkələrdən alırıq və icraya da oradan yönəldirik. Planlı dayandırma anlayışı var. Biz planlı dayandırmanı havaların soyuq və qaza tələbat çox olmadığı vaxtlarda icra etməyə çalışırıq".
"Hansısa kənd, yaşayış massivi və ya qəsəbəyə aparılan qazlaşdırma işlərinin yekunu olaraq onların ümumi şəbəkəyə qoşulma hallarının icrasını əsasən yay, yaxud payızın girişinə qədər bitiririk. Haradasa xətlərin dəyişdirilməsinə, əvəzlənməsinə, korreziyaya uğramış yerlərin yenilənməsinə ehtiyac yaranır. Amma qəza məsələsi var ki, bundan sığortalanmaq olmur".
"Məsələn Mingəçevirdə hərəkət edən bir yük avtomobilinə deyə bilmərik ki, qış ayında kəməri vurub yıxma. Yaxud hansısa avtomobil sürücüsünə deyə bilmərik ki, qaz xətlərinin yanından keçəndə sərxoş halda sürmə və qəza törətmə. Bunu əvvəlcədən heç kim planlaşdıra bilmir”.
Qaz abonentlərinin sayının 2 milyon 400 minə yaxınlaşdığını vurğulayan qurum rəsmisi hələ də abonentlərimiz arasında qazı qanunsuz xətlərə qoşanlar, sayğacdan kənar qoşulma icra edənlərin olduğunu deyib:
“Bunlar tapıldıqca, o qoşulmaların ləğv etmə prosesi də qazın dayandırılmasına təsir edir. Çünki qaz təhlükəli yanacaq növüdür. Bu təhlükəni xəttdə saxlayaraq təmir işlərini apara bilmərik. Qaz təchizatının texnoloji probleminin aradan qaldırılması 5-6 saat vaxt aparır.
Yeraltı kəmərlərdə baş verən korreziya və sızma hallarının aradan qaldırılması isə daha çox vaxt aparır. Yerüstü qaz sızıntısının nöqtəsi, bucağı müəyyənləşdirilir, qazıntı aparılır, bəzən həmin hissədəki sızma ləğv olunur, hava vurulmaqla bu proses yoxlanılır və daha sonra qaz açılır. Bundan əlavə paytaxtətrafı daşıyıcı qaz kəmərlərinin 1970-ci ildə çəkilənlərdir.
Bunlar yalnız mərhələli şəkildə yenilənə bilər. Yəni sırf qəza və gözləmədiyimiz hadisələr ucbatından belə hallar baş verir. Bəzən böyük problemlər yaranır. Məsələn, yanvarın 20-də ümumi qaz şəbəkəsi yüklənmişdi. Bu, qaz şəbəkəsinə tək “Azəriqaz” deyil, magistral xətlər, qaz anbarları daxildir.
"Hava qəfil soyudu və yüklənmə oldu. Amma bir günə o problemin də aradan qaldırılmasına çalışıldı. Bu il tədbirlər planında daha çox qaz xətlərinin yenilənməsi nəzərdə tutulur. İnanırıq ki, mərhələli şəkildə bütün bu problemlərin öhdəsindən gələ biləcəyik”.
Alçina Amilqızı, Bizim.Media