Paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 93 faiz təşkil edir.
Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub.
MÖVZU İLƏ BAĞLI:
Dərsə gəlmək istəməyən şagird haqda qərarı məktəb verəcək - Nazirlik
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
Fevralın 15-dən BŞTİ tabeliyindəki ümumi təhsil müəssisələrində ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) və xüsusi məktəblərdə (I-IX siniflərdə) əyani tədrisə start verilməsi nəzərdə tutulur. Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin bərpası planlaşdırılır.
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.
Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.
Bizim.Media