Şəhid polkovnikin QIZI: “Atam yuxuma gəldi və mənə o qadını göstərdi”

Şəhid polkovnikin QIZI: “Atam yuxuma gəldi və mənə o qadını göstərdi”

Hazırda oxunan: Şəhid polkovnikin QIZI: “Atam yuxuma gəldi və mənə o qadını göstərdi”

107433

Dəhşətli Qaraheybət qəzasının daha bir qurbanından-14 səma igidindən biri, 52 yaşında həyatdan getmiş polkovnik Emil Nəzirovdan danışacağıq bu dəfə. 3 qızı və xanımı ilə birgə yad edəcəyik qəhrəman pilotumuzu. Ailə Xətai rayonunda yaşayır. Ailənin xanımı evdar qadın olsa da şəhid pilot qızlarına ali təhsil və sənət verib.  

Emil Nəzirovun xanımı Mehparə Nəzirova ötən bir il ərzində Emilsiz keçən çətin günlərindən danışıb. Mehparə xanım deyir ki, Emil çox gözəl insan idi, heç vaxt könlümüzə dəyməzdi:

“Hər istəyimizə təmkinlə qulaq asardı, hamısını düzgün analiz edib məsləhət verərdi. Qızlarımızın istəklərini təbəssümlə qarşılayardı, çalışardı ki, mümkünsüz şeyləri könüllərinə dəymədən izah eləsin. Onun bir sözünü heç unuda bilmirəm. Vətən Müharibəsi zamanı mənə dedi ki, sən hərbçi yoldaşısan, hər şeyə hazır ol. Soruşdum, Emil, niyə belə deyirsən? Ciddi şəkildə qayıtdı ki, hərbçi yoldaşısan, hər şeyə hazır ol. İndi  bu sözlər məni çox mütəssir edir, o bizi ölümünə hazırlayırmış”.

Şəhid polkovnikin Bakı Dövlət Universitetinin 4-cü kursunda oxuyan qızı Aytən Nəzirli hələ də atasının yoxluguna inanmır. Danışır ki, atamın şəhid olmağı mənim ürəyimə dammışdı anam kimi:

“Şəkillərinə baxıb "CƏNNƏTİM"-deyirdim. Bir bayrağı vardı, bayrağı “şəhidin bayrağı” - deyib öpürdüm. Şəmistan Əlizamanlının bir mahnısı var: "Bir igid vardı, bir də göy səma. Uçardı buluddan, buluddan uca". Hər dəfə bu mahnını, şəkli, bayrağı görəndə ürəyim pıçıldayırdı ki, atam şəhid olacaq. İndi içimdə iki hiss var. Atamdan sonra tez-tez elə bil onun əlindən tutub dəcəllik edən balaca bir qız oluram. O xatirələr məni tez-tez çulğalayır. Bir də ikinci mən peyda olur: - Mən igid pilot Emil Nəzirovun qızıyam! Qüruru köksünə sığmayan və Vətən məsuliyyəti daha da artan bir Aytən".

Polkovnik Emil Nəzirovun 2 ci qızı Nəzrin isə artıq atasıın yolu ilə gedir. Atasından sonra onu Dövlət Sərhəd Xidmətinə işə dəvət ediblər:

“Atam həmişə bizə deyirdi ki, sizə hərbi geyim çox yaraşır, mən mart ayından geyinirəm, amma heyf ki, atam məni bu geyimdə görmədi".

Şəhid pilotun böyük qızı Leyla deyir ki, atam hamımıza musiqi təhsili verib. Çalışırdı ki, biz bu dünyanı həm də musiqinin dili ilə anlayaq:

“Mən atama dedim ki, peşə kimi insanların psixologiyası ilə məşğul olmaq, onlara düzgün düşünmək yönlərini öyrətmək istəyirəm. Şüraltı terapiya məni çox maraqlandırır. Atam demişdi ki, qızım, mütləq kömək edəcəm. Şəhid oldu, buna fürsət tapa bilmədik. Amma şəhid olandan sonra bir gün yuxuma gəldi, dedi ki, bax qızım get bu qadının yanına, o sənə şüraltı terapiyadan dərs verəcək.

Hər şeyi apaydın göstərdi. Sabahısı gün o qadını axtarmağa başladım, inanmazsınız, tapdım. İndi o xanım ailəmizin ən yaxın dostudur. Atamısa hər an yanımda hiss edirəm. Mən də fəxr edirəm ki, şəhid polkovnik pilot Emil Nəzirovun qızıyam".
Söhbətimiz əsasında öyrəndim ki, şəhid pilot Emil Nəzirovun doğulduğu Lənkəran rayonunun Veravul kəndində onun xatirə kompleksi ucaldılıb. İndi qəhrəman pilotumuzu təkcə ailəsi deyil bütöv bir el, oba hörmətlə anır, xatirəsini əziz tutur.

Aytəkin Alxaslı, Bizim.Meda, Şimal bürosu













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO