Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə “Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış”x9d mövzusunda dəyirmi masa keçirilib.
Moderator.az-ın tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, MŞ sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, media ictimai məsələlərə həmişə həssas yanaşıb: "Amma bu həssaslıq özünü həmişə doğrultmayıb. Elektron saytların IP, imic xatirinə yoxlanmamış məlumatları yayırlar. Diqqət çəkən budur ki, xəbəri birinci vermək uğrunda rəqabət gedir. Bəzi media qurumları bilərəkdən çaşqınlıq yaradan məlumatlar yayılır.
Digər problem də budur ki, dövlət qurumlarının mətbuat xidmətləri medianı lazımi məlumatlarla təmin etmir. Bəzən görürsən media bir hadisə barədə yazır, dövlət qurumu 1 həftə sonra təkzib yayır.
MTN kimi bir qurumla bağlı proseslər hansı ölkədə olsaydı, belə diqqət çəkərdi. Digər nazirliklərdə baş verən məsələlərlə bağlı media öz işini yüksək səviyyədə həyata keçirdi. Amma bəzi media qurumları bu prosesdə də çaşqınlıq yaratmağa çalışdı. Başlıqlarda görə bilərsiz ki, yazılır "filankəs hələ də filan yerdə işləyir", "filankəs filankəsin qohumudur". Bu cür hallarla bağlı Mətbuat Şurasına çoxsaylı şikayətlər daxil olub.
Bundan başqa az nüfuzlu saytlar belə məsələlərdə önə çıxaraq bu vəziyyətdən istifadə edib tanınmağa çalışırlar. Onların yazdıqları ictimaiyyətə ciddi təsir etməsə də, nüfuzlu saytlar həmin saytların materiallarını yoxlamadan yayırlar".
"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı çıxış edərək bildirib ki, bu günə kimi media bir çox dövlət qurumlarına ictimai nəzarəti həyata keçirib: "Media bircə MTN-ə ictimai nəzarət edə bilmirdi, onun da nəticəsi ortadadır. Əgər ölkədə ictimai şəxs barədə həbs-qətimkan tədbiri seçilibsə, mətbuat xidməti bunu rəsmi açıqlamalıdır. Xəbər varsa, yazılmalıdır. Dövlət sirri olan məlumatın mediaya necə çıxması dövlətin araşdırmalı olduğu məsələdir. Bu tip məlumatlar xırda saytlara ötürülür, nüfuzlu media qurumları isə onu olduğu kimi götürüb verirlər. Sonra da deyirlər ki, istinad etmişəm, məsuliyyəti mənim deyil. Belə olmalı deyil, bir redaktor başqa saytdan məlumat götürüb verirsə, onun məsuliyyətini bölüşməlidir".






























































































