Qarabağdakı erməni silahlılarının sayı nə qədərdir? – ARAŞDIRMA 

Qarabağdakı erməni silahlılarının sayı nə qədərdir? – ARAŞDIRMA 

Hazırda oxunan: Qarabağdakı erməni silahlılarının sayı nə qədərdir? – ARAŞDIRMA 

107111

2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən, erməni silahlı birləşmələri sülhməramlıların müvəqqəti nəzarəti zonasındakı əraziləri tərk etməli idilər.

Lakin bəyanatın imzalanmasından 2 ildən artıq müddət keçməsinə baxmayaraq, bu müddəa hələ də yerinə yetirilməyib. Belə ki, sülhməramlıların müvəqqəti nəzarati zonasındakı ərazilərdə Ermənistan ordusunun hərbçiləri, eləcə də separatçı rejimə bağlı silahlı dəstələr fəaliyyət göstərməkdədir.

Doğrudur, bu ilin avqustunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlamasında, Ermənistan ordusunun bölmələrinin Qarabağdan çıxarılacağını elan etmişdi.

Qriqoryan həmçinin bundan sonra Ermənistandan hərbi çağırışçıların Qarabağa göndərilməyəcəyini bildirmişdi.

Lakin Ermənistan rəsmisinin sözləri havada qaldı. Çünki məlumatlara görə, Ermənistan ordu birləşmələri hələ də Qarabağdan çıxarılmayıb. Eyni zamanda Ermənistan rəsmilərinin separatçı rejimin “müdafiə ordusu” kimi təqdim etdiyi terrorçular da fəaliyyətlərini davam etdirirlər.

Bəs, ümumilikdə, Qarabağın sülhməramlıların nəzarətində olan hissəsində nə qədər erməni silahlısı var?

Bizim.Media-nın araşdırmasına görə, “Artsax Özünümüdafiə Ordusu” 1992-ci il mayın 9-da, Şuşanın işğalından bir gün sonra yaradılıb. Ordunun ilk komandanı isə Ermənistanın sabiq prezidenti Robert Köçəryan olub. Separatçı rejimin silahlı qüvvələrinin yaradıcıları siyahısında Xocalı cəlladları, Serj Sarksiyan, Samvel Babayan, Seyran Ohanyan və Xristafor İvanyan kimi şəxslər də var.

Erməni mənbələrinin məlumatlarında, qruplaşma özünün ən böyük say tərkibinə 2016-cı ildə çatıb.Belə ki, həmin ildə separatçı rejimin 20 min nəfərə yaxın aktiv personalının olduğu bildirilir.

Qeyd edək ki, bu saya Ermənistandan gələn çağırışçılar daxil edilməyib. 

Bundan əlavə, 44 günlük müharibəyə qədər Ermənistan ordusunun 49971 və 33651 saylı hərbi hissələri də Qarabağda xidmət göstərib.

Hər iki hərbi hissə Vətən müharibəsi dönəmində Ağdərə-Murovdağ istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

2021-ci ilin statistikasına görə isə, separatçı rejimin canlı qüvvəsi cəmi 5 min nəfərdən ibarət olub. Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməni əhalinin sayının isə 25 min nəfər olduğu təxmin edilir. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan 18 yaşına çatmış hər bir erməni gənci 2 il müddətinə məcburi hərbi xidmətə yollanır.

Eyni zamanda silahlı birləşmənin tərkibində xeyli sayda muzdlu döyüşçülərin olduğu da məlumdur.

Sadalananlarla yanaşı, qondarma rejimin polis dəstələrinə malik olduğu da bəllidir. Onların sayı isə müxtəlif mənbələrdə 800-1000 nəfər olaraq qeyd olunur.

Lakin Qarabağdakı Ermənistandan olan çağırışçıların sayı qeyri-müəyyəndir. Bundan əlavə, oktaybr ayında “aysor.am” nəşrinin sorğusuna cavab olaraq, Ermənistan Müdafiə Nazirliyi yeni çağırışçıların Qarabağa göndərilib-göndərilməməsi məsələsini “hərbi sirr” adlandıraraq, məlumatı paylaşmaqdan imtina edib.

Sonda isə qeyd etməliyik ki, bu günlərdə sülhməramlıların müvəqqəti nəzarəti zonasında yaşayan ermənilərin də kütləvi silahlandırılmasına başlanılıb.

Bir sözlə, ümumilikdə, 6 min nəfərə yaxın olan silahlı separatçıların sayının daha da artması ehtimalı qalmaqdadır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO