Yeni Yol Xəritəsi hansı dividentlər gətirəcək? – Azərbaycan Şərqi Qərbə birləşdirəcək KÖRPÜ OLACAQ 

Yeni Yol Xəritəsi hansı dividentlər gətirəcək? – Azərbaycan Şərqi Qərbə birləşdirəcək KÖRPÜ OLACAQ 

Hazırda oxunan: Yeni Yol Xəritəsi hansı dividentlər gətirəcək? – Azərbaycan Şərqi Qərbə birləşdirəcək KÖRPÜ OLACAQ 

106439

Qazaxıstanın Aktau şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərin ikinci üçtərəfli görüşü çərçivəsində Bakı Bəyannaməsinə uyğun olaraq, adı çəkilən üç ölkənin ərazisindən keçəcək Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”ni imzalayıb.

Bizim.Media xəbər verir ki, sazişlərin həyata keçirilməsi 2025-ci ilə qədər dəhliz boyu keçid qabiliyyətini ildə 10 milyon tona çatdırmağa imkan verəcək. 

Bu Yol Xəritəsi Azərbaycana hansı dividentlər verəcək? 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, sözügedən yol xəritəsi Azərbaycanın Şərqi Qərblə birləşdirən nəqliyyat mərkəzinə çevrilməsi yolunda imkanlarını daha da gücləndirəcək:

“Azərbaycan uzun illərdir ki, nəqliyyat mərkəzinə çevrilmək üçün bir çox yatırımlar edib. Həm Bakı-Tiflis-Qars dəmir yolu, həm Bakı Dəniz Nəqliyyatı Limanı, avtomobil yollarının yenidən qurulması, bütün bunlar Azərbaycanın Şərqi Qərblə birləşdirən nəqliyyat mərkəzinə çevrilməsi üçün fürsət və imkanlar yaradır.

Bu prosesdə Qazaxıstan tərəfinin iştirakı isə Azərbaycanın mövqeyi və əhəmiyyətini daha da artıracaq. Çünki Asiyadan, əsasən də Çindən gələn yüklərin Qazaxıstan üzərindən, Azərbaycandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılması eyni məntiqli yol xəritəsinin yaradılmasını özündə ehtiva edirdi. Çünki bu tək infrastruktur məsələsi deyil, həm də tariflər, sürət, yaşıl koridorlar məsələsidir. Ona görə ki, yükdaşıyan şirkətlər üçün əsasən iki amil, tranzit xərcləri və sürət önəmlidir”. 

Ekspertə görə, Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” fonunda Qazaxıstan, Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərməsi bu istiqamətdə sürət və tranzit xərclərilə bağlı optimal qərarların verilməsini də mümkün edəcək:
“Uzun illərdir ki, Şərqi Qərbə birləşdirən əsas koridor Rusiyadan keçirdi. İndi isə bu ölkənin sanksiyalar altında olması və həmin yolla daşınan yüklərin sığorta məsələsinin problemə çevrilməsi alternativ yollara maraq və ehtiyacın artmasına gətirib çıxarıb.

Çinin Avropa ilə ticarət dövriyyəsinin həcmi az qala 1 trilyon dollara çatır. Bu böyük həcmin bir hissəsinin Qazaxıstan-Azərbaycan-Türkiyə marşurutundan istifadə etməklə Avropaya çatdırılması fonunda ölkəmiz də xeyli tranzit gəlirləri əldə edəcək. Aktauda dəniz limanının sürətlə yenidən qurulması prosesi gedir. Bakı limanı isə artıq 25 milyon ton yükü qəbul etməyə hazırdır”. 

N.Cəfərlinin fikrincə, yeni yol xəritəsi ölkəmizə iqtisadi müstəvidə də əlavə dividentlər gətirəcək: 

“İnfrastruktur layihələrinin tamamlanması ilə Qazaxıstanla Azərbaycan Şərqi Qərbə birləşdirəcək yeni körpü rolunu oynayacaqlar. Bu fonda ölkəmiz də əlavə dividentlər qazanacaq. Azərbaycanın həmin yol xəritəsinin işə düşməsilə əldə edəcəyi qazanc tranzit yük daşımanın həcmindən asılı olacaq. İndiki rəqəmlər o qədər də yüksək deyil. Söhbət 40-50 milyon dollardan gedir.

Amma yükdaşımanın həcmi artdıqca bu yol vasitəsilə ölkəmizin əldə edəcəyi gəlirlər də müvafiq olaraq artacaq. Bundan başqa, yeni marşrut yol boyu yeni infrastruktur və yeni iş yerlərinin yaranmasına da səbəb olacaq. Yol boyu otellər, kafe, restoranlar, maşın təmiri məkanları, avtomobillər üçün dayanacaqlara qədər yeni bir infrastruktur yarana bilər ki, bu da əlavə iş yerləri deməkdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO