Gədəbəy rayonu Düzyurd kənd sakini, 1959-cu il təvəllüdlü Vaqif Cəfərov döyülərək bədənin müxtəlif yerlərinin xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Bizim.Media-nın yerli bürosuna danışan DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun sözlərinə görə, Vaqif Cəfərov ailə üzvləri tərəfindən tərəfindən döyülüb.
O, bundan qabaq həyat yoldaşı, 1963-cü il təvəllüdlü M.Cəfərovanı boynundan bıçaqlayaraq ona xəsarət yetirib:
“Ailə münaqişəsi zəminində Vaqif Cəfərov həyat yoldaşı, M. Cəfərovaya bıçaq xəsarətləri yetirib. Bundan sonra Vaqif Cəfərovun oğlu və gəlini onu döyərək bədən xəsarətləri yetiriblər. V.Cəfərov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırmalar davam etdirilir” - deyə E.Qasımov əlavə edib.
Məlumat üçün bildirək ki, boynundan bıçaq xəsarətləri alan M.Cəfərovanın vəziyyəti kafi qiymətləndirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu