Vətəndaşın ölkədən çıxışına qadağa qoyulubsa... Bunu necə BİLMƏLİDİR?

Vətəndaşın ölkədən çıxışına qadağa qoyulubsa... Bunu necə BİLMƏLİDİR?

Hazırda oxunan: Vətəndaşın ölkədən çıxışına qadağa qoyulubsa... Bunu necə BİLMƏLİDİR?

105229

Noyabrın 18-də Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Partiya sədrinin feysbuk hesabında verdiyi açıqlamaya görə, o, bu barədə hava limanında olarkən bilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mətbuata verilən açıqlamada qeyd edilir ki, Anar Əsədli barəsində tətbiq olunan qadağaya səbəb iki vətəndaşın dələduzluqla bağlı etdikləri şikayətdir. 

Bu xəbərdən sonra ictimaiyyət arasında gedən müzakirələrdə insanlar iki qrupa ayrılıb. Kimi bu məsələdə məsuliyyətin hər kəsin öz üzərinə düşdüyünü, bilet alarkən ölkədən çıxışına məhdudiyyət qoyulub-qoyulmamasını yoxlamalı olduğunu, kimi də məhdudiyyət qoyulduğu halda vətəndaşa bildirilməli olduğunu deyir. 

Bəs, vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulubsa, ona xəbərdarlıq edilməlidirmi? 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov Bizim.Media-nın sualını cavablandırarkən söyləyib ki, vətəndaşın ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyət qoyulduğu zaman ona məlumat verilməsi zəruridir: 

“Bu, giriş-çıxış məlumatlarının vahid elektron portala daxil edilməsi vasitəsi ilə edilir və eyni zamanda vətəndaş hər bir halda məlumatlandırılmalıdır. Vətəndaşların məhkəmə qərarlarının icrası ilə əlaqədar ölkədən çıxışına məhdudiyyətin olub olmamasını Elektron Ədliyyə sistemində şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə də yoxlanıla bilər, həmçinin vergi ödəyiciləri ilə əlaqədar da bu proses tamamilə elektronlaşmış, vətəndaşların həmin məlumatlara giriş imkanı tamamilə sərbəstdir”. 

Vəkil bildirib ki, cinayət işləri üzrə bu cür məhdudiyyət qoyulubsa, bunu vətəndaş özü müstəqil şəkildə elektron qaydada yoxlaya bilmir: 

“Vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulması müxtəlif səbəblərdən ola bilər: cinayət, mülki işlər, vergi ödəyicisinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması və s. Mülki işlərlə bağlı ölkədən çıxışa məhdudiyyət qoyulduğu halda elektron ədliyyə sistemində şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə yoxlamaq mümkündür, lakin cinayət işləri üzrə bunu yoxlamaq üçün belə bir baza, imkan yoxdur. Məhdudiyyətin hansı orqan tərəfindən qoyulması ilə bağlı informasiyalar isə Dövlət Sərhəd Xidmətində ümumiləşdirilir və sərhəd keçid məntəqələrində bu məlumat yoxlanılır”.

Roman Qaraşov qeyd edib ki, əgər vətəndaş ölkədən çıxdığı zaman məhdudiyyət qoyulduğunu bilirsə, bu zaman hansı səbəbdən məhdudiyyət qoyulmasını Sərhəd Xidmətindən müəyyənləşdirə bilər: 

“Həmçinin məhdudiyyət əsassız şəkildə tətbiq edilibsə, yaxud məhdudiyyətin tətbiq olunması əsasları aradan qalxıbsa lakin hələ də bu cür məhdudiyyətlər tətbiq edilməkdə davam edirsə məhkəmə nəzarəti qaydasında vətəndaşlar şikayət edərək bu problemi aradan qaldıra bilərlər”.

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO