Dəmir atın çaparı şəhid SƏXAVƏTİN ANASI: “Yurduna sağ qayıda bilmədi, heç olmasa...”

Dəmir atın çaparı şəhid SƏXAVƏTİN ANASI: “Yurduna sağ qayıda bilmədi, heç olmasa...”

Hazırda oxunan: Dəmir atın çaparı şəhid SƏXAVƏTİN ANASI: “Yurduna sağ qayıda bilmədi, heç olmasa...”

105125

Yaşasaydı 30 yaşı olacaqdı. Əslində onun ruhu bu gün uğrunda savaşdığı, doğulduğu Qarabağda dolaşır. Söhbət 44 günlük vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid Səxavət Məmmədovdan gedir. Şəhid tankçımız Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdamın Papravənd kəndində doğulub.

Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb

Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərib. Səxavət yaralı dostlarını döyüş meydanından çıxararkən ağır yaralanır və 29 sentyabr 2020-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. 19 noyabr 2020-ci ildə Ağdam rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Doğma kəndə qayıtmaq arzusu

Dostunu xilas edərkən şəhid olan tankçı Səxavət Məmmədova işğaldan azad edilən kəndlərinə getmək, oraları gəzib dolaşmaq, oranın təmiz havasından udmaq qismət olmasa da, anası öz doğma yurdlarını ziyarət edə bilib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna şəhid anası özü məlumat verib.

Hicran Süleymanova bildirib ki, o ilk dəfə olaraq Ağdam rayonunun işğaldan azad edilmiş Papravənd kəndinə səfər edib:  

“Hər şey mənə xəyal kimi gəlir, evimiz tamamilə dağıdılıb.  Doğma ocağımı viran görmək çox kədərli hissdir. Çətin ki, bunu sizə sözlərlə ifadə edim”.

Səfər çərçivəsində kənd qəbirstanlığını da ziyarət edən şəhid anası və onun digər doğmaları qəbirəstanlıqda erməni vandallarının törətdiyi dağıntılardan məyyus qaldıqlarını dilə gətirib: 

“Kənd qəbirstanlığında dəfn edilmiş şəhid doğmalarımı da ziyarət edə bildim. Bizdən öncə gedənlər həmin məzarları taparaq orada nişanələr qoyublar. Burada mənim üç şəhid qohumumun, əmim Süleymanov Əfqan Məhəmməd oğlunun, əmim oğlu Süleymanov Əliqar Həşim oğlunun, xalam oğlu Şükürov Əsəd Şəmil oğlunun məzarları var. Onları ziyarət edib, əziz ruhlarına dua oxudum”.

Hicran Süleymanova bu dönüşün onun üçün natamam olduğunu hesab edir:

“Oğluma uşaqlıqdan kəndimiz, onun təbiəti, insanları haqqında geniş danışırdım. Təmkinlə məni dinləyirdi. Doğma yurdu mənim sözlərimlə gözündə canlandırırdı. Yeddi il idi ki, hərbi qulluqçu kimi xidmət edirdi. İxtisası tankçı idi. Döyüş başlanan ərəfədə məzuniyyətdə idi. Sentyabrın 26-da hamı ilə sağollaşıb hərbi hissəyə yola düşdü. Bu onun evimizdən son gedişi idi”. 

Bəli, son gediş idi... Əslində bu sonuncu gediş doğulduğu evdən çıxıb bütün xalq üçün yenidən doğuluş idi. Dəmir atın mahir çaparı, igid Səxavət cəbhənin Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin illərdir yaradıb, möhkəmləndirdiyi müdafiə səddini yaranlardan olub. Növbəti döyüş tapşırığını yerinə yetirərkən isə onun heyət üzvü olduğu tankın vurulması səbəbindən Səxavət Adıgözəl oğlu Məmmədov şəhid olub.

İndi Hicran ananın bir diləyi var, bir neçə şəhid qohumunun uyuduğu Papravənd kənd qəbirstanlığında oğlunun xatirə lövhəsini ucaldaraq, adının əbədiləşdirilməsidir.      

“Şəhid anası kimi öz növbəmdə səfərin həyata keçirilməsində mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Gələcək arzularım, şəhid balama danışdığım doğma kəndində yaşamaq. Burada tikib qurmaq olacaq. Sözsüz ki, Səxavət mənim gözümün ağı qarası tək oğlum idi. Gələcəkdə onun adının kənddə əbədiləşdirilməsi üçün aidiyyatı qurumlara müraciət də ünvanlamağı düşünürəm”, - deyə şəhid anası qəhərdən boğularaq fikirlərini sonlandırıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO