Görünməyən QƏHRƏMANLAR: “Gözüm hər yerdə onu axtarır...”

Görünməyən QƏHRƏMANLAR: “Gözüm hər yerdə onu axtarır...”

Hazırda oxunan: Görünməyən QƏHRƏMANLAR: “Gözüm hər yerdə onu axtarır...”

105113

Söz yoxdur ki, Azərbaycan tarixinə əbədi kök salan 44 günlük Vətən müharibəsi ən şanlı səhifələrə qanla, canla, xalqın birliyi, vahid komandanın iradəsi ilə yazıldı. Belə bir deyim var, “Zəfərə sevinən, qələbəni dadan kəslərin ömrü uzanır”. 

Bizim.Media olaraq bu dəfə tarixi qələbədə haqqı olan peşə sahiblərindən, müharibə dönəmində tibbi fəaliyyət göstərmiş bir ailədən söhbət açacağıq. Quliyevlər ailəsindən... 

Quliyevlər ailəsi Xocavənd rayonundan məcburi köçkün düşüb. Ailə başçısı Barat Quliyev münaqişənin ilk illərindən silaha sarılıb Vətəninin müdafiəsinə qalxanlardan biri olub. Birinci fazası Azərbaycanın ərazi itkisi ilə bitən Qarabağ müharibəsinin acısı ilə köçkün şəhərciyində yaşayıb. 

Barat Quliyevin görə, həyata tutunduğu tək amillərdən biri gələcəkdə əldə edilən qələbəyə inanmaq olub:

“Xocavəndlilərin Beyləqan ərazisində kompakt yaşadığı köçkün şəhərciyində təcili tibbi yardım stansiyasında sürücü işləmişəm. Həyat yoldaşım Vəsilə xanım isə, elə həmin xəstəxanada tibb bacısı kimi fəaliyyət göstərib”. 

Özünü həm döyüşçü, həm də səhiyyə işçisi kimi qalib hesab edir...

Müharibə günlərindən söz açan həmsöhbətimiz bildirir ki, bəzən xanımı ilə bir heyətdə xidmət göstərib, bəzən də günlərlə cəbhənin fərqli istiqamətlərinə yollanaraq qəhrəman əsgərlərin dadına çatıb.

Bir sözlə günlərlə birbirindən xəbərsiz qaldıqlarından bəhs edir: 

“Elə gün olub ki, yoldaşımdan xəbərim olmayıb. Hərdən isə təxliyyə nöqtəsindən qayıdanda görürdüm ki, xəstəxananın dəhlizində bir neçə tibb bacısı ilə bir-birinə söykənib yatıblar. Hər dəqiqə evə getmək mümkün olmurdu. Necə deyim bilmirəm, hər çətinliyə düşdükdə belə özümü yox, öndə savaşan əsgərləri düşünürdüm. Bəzən baxırdım ki, Vəsilə hansısa əsgərə görə ağlayır. Səbəb isə həmin yaralı əsgərin anasının olmaması idi”.      

İyirmi ildən artıq təcrübəsi olan tibb bacısı Vəsilə Quliyeva isə deyir ki, qismətdə müharibənin şahidi olmaq da varmış: 

“Şuşada, Ağcabədidə çalışmışam və hazırda Xocavənd rayonunda işləyirəm. Ailə olaraq ən böyük amalımız Azərbaycanın itirilmiş torpaqlarının qaytarılmasını görüb o duyğuları yaşamaq idi. Qismətdə bunu görüb yaşamaq da varmış. O dövrlər heç də asan deyildi, ürəyimizdə yara açan neçə-neçə hadisələrin şahid olmuşuq. Hərdən günlərlə istirahət etməyə macal da tapmırdıq. Yoldaşım da, mən də, digər həmkarlar da fasiləsiz işləyirdik. Bəzən vaxt olsa da vicdanımız bizi iş başından ayırmağa imkan vermirdi. Axı mən qadınam, anayam, bacıyam”,

Vəsilə xanım sözlərini bitirməmiş bir anlıq kövrəlir. Söhbətdən yayınmadan özünü toparlayıb davam edir:

“Hər yaralı əsgər gələndə, onun yarasına dərman vuranda əsgər balalarımın yarasının sızıltılarını ürəyimdə hiss edirdim. Qoluna girib gəzdirir, bəzən dəqiqələrlə söhbət edirdim ki, bir az özlərinə gəlsinlər. Çoxu məndən utanırdı. Hamısına sevə-sevə izah edirdim ki, ananız gələnə qədər burada mənəm. Bax, ona necə ərk edirsinizsə mənə də o cür ərk edin, nə lazım olsa deyin, çəkinməyin”.

Üç ali təhsilli övlad tərbiyyə edən ailə cəmiyyətdə də özlərini göstərir, müharibənin şahidinə, iştirakçısına çevrilirlər. Hətta onlar bir heyyətdə silahlı qüvvələrin yüksək rütbəli zabitlərindən birinin yaralanmasının anbaan şahidi olub, həmin zabiti döyüş bölgəsindən xəstəxanaya təxliyyə ediblər.

Vəsilə Quliyeva isə, 44 gün yaşananların içərisində bir əsgəri unutmadığını və hələ də ondan nigaran qaldığını dilə gətirir: 

“Müalicəsini yarımçıq qoyub məcburi olaraq yenidən döyüşə atılan igid balalar, qardaşlar gördüm. Onların içərisində şəhid olanlar da oldu. Hamısından xəbər tutmağa çalışırdıq. Bütün bunlar çox kədərlidir. Ancaq taleyindən indi də nigaran olduğum bir əsgər var. O Uğurlu Rövşən Oruc oğludur. Anası ilə bir neçə dəfə danışmışdım. Həkimdir. Rövşən Xocavənd istiqamətində gedən döyüşlərdə mərmi zərbəsinin təsiri nəticəsində yüksəklikdən yıxılmışdı. Həm də psixoloji travması vardı. Anasından onu soruşmaq istəyirəm, amma çox qorxuram ki, ondan qara xəbər deyər mənə. Gözüm hər yerdə onu axtarır. Ümid edirəm ki, bir gün qapımızı döyüb, mən gəlmişəm deyəcək. O uşağı balalarım qədər sevirdim”. 
 

Bu sadəcə bizim tapıb təqdim etdiyimiz qəhrəman, örnək göstərilməli yüzlərlə, bəlkə də minlərlə ailələrdən biridir. O ailələr ki, tarixi qələbənin əldə edilməsi naminə bacardıqlarının artığını ediblər. O ki qaldı tibb cəbhəsinə hələ çox şeylər danışılıb, çox faktlar ortaya çıxacaq.


Bütün bunlar isə Azərbaycanın birliyindən, düşmən təpəsinə çırpılmaq üçün bükülən dəmir yumruğun hər barmağının poladdan da sıx olmağından xəbər verir. Əlbəttə Azərbaycana düşmənçilik mövqeyində duran hər kəs dəmir yumruğun zərbəsini görəcək. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO