Uşağı dünyaya gətirmək və onu küçəyə atmaq cinayətdir. Bu, həm də valideyn məsuliyyətsizliyidir. Son vaxtlar bu kimi məlumatlar gündəmdən düşmür. Hətta sayı çoxalıb desək, yanılmarıq. Təkcə çarəsiz körpələr deyil, uşaqları ilə birgə həyat yoldaşları tərəfindən tərk edilən qadınlar da az deyil.
Bəzən çətin dolanışıq səbəbindən bu kimi qadınların ya skamyalarda, hansısa ucsuz-bucaqsız ərazilərdə, dayanacaqlarda gecələdiklərinin, ya da yüngül həyat tərzini seçdiklərinin şahidi oluruq.
Bəs, bu kimi neqativlərin səbəbi nədir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan sosial ekspert Nailə İsmayılova bildirib ki, cəmiyyətdə baş verən bu cür neqativlər olduqca narahatedicidir:
“Azərbaycanın ailə dəyərlərində xeyli dəyişiklik var. Bu gün sanki çal-çağır, toy-büsat üçün ailə qurulur. Bu məntiqlə məsələyə yanaşanda orada ailə məfhumu itib batır. O cah-cəlalın içində ailə modeli kölgədə qalır ki, bu da təhlükəli tendensiyadır.
Doğrudan da ailə qurulması üçün nikaha girilibsə, o ailə davam edəcək. Qaldı ki, uşaqların və ailədə olan anaların atılması məsələsinə, bu, ona görə baş verir ki, ailə quran tərəflər öz məsuliyyətlərini dərk etmirlər.
Təbii ki, bunu hamıya şamil etmək olmaz. Çox ciddi təməl üzərində ailə quran gənclərimiz var. Amma istəyirik ki, bu cür ailələr cəmiyyətdə barmaqla sayılmasın və xoşagəlməz olayların baş verdiyi ailələr olmasın”.
Nailə İsmayılova ailədə həm kişinin, həm də qadının məsuliyyət daşıdığını da əlavə edib:
“Əslində gənclər ailə qurmamışdan öncə psixoloji və gələcək davranışları barədə testlər aparmalıdırlar. Ailə qurulandan sonra istəyərək və istəməyərək ailəyə uşaq gəlir. O uşağın məsuliyyətini kim daşıyacaq? Əgər kişi ilə qadın öz aralarında münasibətlərini düzgün qura bilmirlərsə, davranış kriteriyaları yoxdursa, bir anın içində bütün körpüləri yandırırlarsa, ailədə doğulan uşaq necə olacaq? Çünki dünyaya gələn uşaq insandır və fərd olaraq gələcəyin şəxsiyyətidir. Amma uşaqkən ailəsində baş verən neqativ hadisələr onun beynində iz salır, travmalar yaradır.
Ailə məsuliyyətini dərk etmək istəməyən insan bundan qaçmaq üçün ən rahat yolu – ailəsini atıb getməyi seçir.
Bəzən qadınlar da kişilərə qarşı müəyyən zorakılıq hallarına yol verirlər. Son vaxtlar qadınlar da ailəsini, uşağını qoyub gedir. Halbuki bizim ailə kodeksində belə şeylər olmayıb. Ən faciəvi məqam isə, hər iki valideyn tərəfindən uşaqların atılmasıdır. Hətta sağlamlıq imkanı məhdud olan ailələrdə belə kişilər anaları həmin uşaqla baş-başa buraxıb gedirlər. Bütün bunların əsasında isə sosial durumun çətinliyi, işsizlik, ailəyə doğma olanların münasibəti və müdaxiləsinin çox böyük təsirləri var. Bəzən savadsız və cahillik deyirik. Amma ziyalı ailələrdə belə bu, baş verir. Ailəyə görə səbəblər dəyişir”.
Ailədə sosial təminatın vacibliyini qeyd edən ekspert bəzən bu imkanın da ailə dəyərlərinin pozulmasında aciz qaldığını vurğulayıb:
“İstənilən halda dünyaya gətirdiyi uşağa sahib çıxmayan birinə nə valideyn, nə insan, nə də vətəndaş demək olar. Təəssüf Azərbaycan kişiləri artıq sahiblənmək, ailənin, qadının qayğısını üzərinə götürmək hissindən məhrum olmağa başlayıb.
Cəmiyyətimizdə qadın hesabına yaşayanlarıən sayı günbəgün artır. Vəziyyət belə davam edərsə, sonu yaxşı olmayacaq və ailə instututumuz dağılmağa doğru gedəcək. Artıq biz ailələr haqda deyil, fərdlər barədə düşünməli olacağıq”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:20 / 15.11.2022
Qadınlar və körpələr niyə ATILIR? – Azərbaycan kişiləri haqqında ŞOK TƏFƏRRÜAT
Hazırda oxunan: Qadınlar və körpələr niyə ATILIR? – Azərbaycan kişiləri haqqında ŞOK TƏFƏRRÜAT
Hazırda oxunan: Qadınlar və körpələr niyə ATILIR? – Azərbaycan kişiləri haqqında ŞOK TƏFƏRRÜAT
104432
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.