2022-ci ildə nöqsanlara yol vermiş QURUM və NAZİRLİKLƏRİN adları bəlli oldu - SİYAHI

2022-ci ildə nöqsanlara yol vermiş QURUM və NAZİRLİKLƏRİN adları bəlli oldu - SİYAHI

Hazırda oxunan: 2022-ci ildə nöqsanlara yol vermiş QURUM və NAZİRLİKLƏRİN adları bəlli oldu - SİYAHI

103846

Dövlət büdcə-maliyyə nəzarəti orqanı olan Hesablama Palatası müntəzəm olaraq dövlət qurumlarında, və nazirliklərdə yoxlamalar aparır. 2022-ci ildə isə bu yoxlamalar zamanı bir sıra dövlət qurumlarında nöqsanların aşkar olunması diqqət çəkir.

Bizim.Media cari ildə fəaliyyətində nöqsanlar aşkar edilən dövlət qurumlarını araşıdırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Hesablama Palatası avqustun 17-də Nazirliyin nəzdindəki Dövlət Dəniz və Liman Agentliyində aparılan yoxlamaların nəticələrini açıqlayıb. Məlum olub ki,  Dövlət sifarişinin yerinə yetirilməsi çərçivəsində dövlət büdcəsinin vəsaitlərinə olan tələbat düzgün əsaslandırılmayıb, dövlət satınalmaları üzrə ehtimal olunan qiymətlərin hesablanmasının rəsmiləşdirilməsi və buna bağlı proseslərdə ümumilikdə 1 milyon manata yaxın vəsaitə qənaət olunmayıb.

Bundan əlavə, gəmilərdə həyata keçirilmiş yoxlamaların nəticələri üzrə 552 aktdan 470-ində (85,1 faizində) 3510 adda nöqsan və çatışmazlıqların mövcudluğu qeyd edilməklə müvafiq qaydada sənədləşdirilməsinə və gəmi müfəttişliyinin nəzarət sisteminə işlənməsinə baxmayaraq cərimə məbləğlərinin tətbiqinə dair yekun qərarların qəbul edilməsi üçün ardıcıl inzibati tədbirlər həyata keçirilməyib.

Gənclər və İdman Nazirliyi

Nazirlikdə bu il aparılan yoxlamalara əsasən məlum olub ki, 2020-ci ilin may ayında sökülən tikililərə görə Gənclər və İdman Nazirlik tərəfindən ümumilikdə 26,9 min manat sığorta haqqı ödənilib, 2021-ci ilin yekunlarına görə ən yüksək nəticə göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması ilə sila bağlı ödənilmiş 464 min manat məbləğində vəsaitin icrası təmin edilməyərək hesabda saxlanılıb, xarici valyuta kurslarının 53 halda düzgün tətbiq edilməməsi hesabına 79,4 min manat əlavə büdcə vəsaitinin xərclənməsinə yol verilib.

Bundan əlavə, Nazirlik tərəfindən təyinat dəyişikliyi edilərək 5 federasiya və 1 idman məktəbi üzrə ayrılmış xərclər smetasında nəzərdə tutulmayan ümumilikdə 435,1 min manat vəsaitin ayrılması təmin edilib. Eyni zamanda idmançıların beynəlxalq yarışlarda iştirakı, ezamiyyəti və s. məsələlərdə yol verilən nöqsanlar hesabına ümumilikdə 202,8 min manat artıq vəsait ödənilib.

Mədəniyyət Nazirliyi

Hesablama Palatasının Mədəniyyət Nazirliyində dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün ayrılan vəsaitin xərclənməsi ilə bağlı aparılan yoxlamaların nəticəsi oktyabrın 26-da məlum olub. Yoxlamalara əsasən, auditin əhatə etdiyi illərdə istifadə edilmiş vəsaitin 17,0%-i 12 özəl studiyanın payına düşüb, qalan hissəsi isə 6 dövlət studiyası üzrə müxtəlif filmlərə, həmin studiyalar və Nazirlik tərəfindən tədbirlərə yönəldilib. Auditlə dövlət studiyalarından C.Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə”, “Mozalan” kinostudiyaları, həmçinin “Narimanfilm” kinostudiyası tərəfindən dövlət vəsaiti hesabına çəkilən ümumilikdə 7 filmlə bağlı 2269,4 min manat, həmçinin Nazirlik və studiyalar tərəfindən 71 tədbirin həyata keçirilməsi ilə bağlı 2154,2 min manat, ümumilikdə isə 4423,5 min manat məbləğində vəsait əhatə olunub ki, bu da büdcədən ayrılan cəmi vəsaitin 47,5%-ni təşkil edib.

Auditin nəticələri ilə bağlı Kollegiya Qərarında Mədəniyyət Nazirliyi tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin maliyyələşdirilməsi və studiyalar tərəfindən istifadəsi üzrə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsini təklif edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2021-ci ildə meşələrin idarə edilməsi istiqamətində fəaliyyəti səmərəsiz hesab edilib.

Belə ki, Hesablama Palatası xidmətin strateji planlaşdırma işinin davamlı xarakter daşımaması, monitorinq və qiymətləndirmə sisteminin zəif təşkil edilməsi, təşkilatın fəaliyyəti üçün zəruri resurslarla təmin edilməməsi kimi nöqsanları aşkarlayıb. Bununla bağlı Palatanın ETSN-ə müvafiq tövsiyələri təqdim edilib.

AZAL

Hesablama Palatası noyabrın 11-də AZAL-da aparılan yoxlamaların nəticələrini elan edib. Məlum olub ki, bank kreditləri və digər borclanmalar üzrə əsas borc məbləğlərinin həcmi auditlə əhatə olunan dövr üzrə ümumilikdə 3,9 % azalsa da 2022-ci il yanvarın 1-nə 2,1 milyard manat təşkil etməklə uzunmüddətli perspektivdə cari dövriyyə vəsaitlərinin cari öhdəliklərdən geri qalması şərtilə AZAL QSC-nin maliyyə likvidliyinə əsaslı təhdidlər yaratmaqdadır.

Bundan əlavə, dövlət büdcəsindən əvəzsiz əsaslarla ayrılmış və zəruri cari öhdəliklərə yönəldilməli olan vəsaitlərin 35,3 milyon manat məbləğində olan hissəsi əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli və lüzumsuz (sonrakı dövrlərdə özünün vəsaiti ilə həyata keçirilə bilən) ödənişlər, bank kreditləri, faiz borcları və cərimələr, eləcə də qabaqcadan təsdiqlənmiş bölgüyə uyğun olmayan istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə sərf olunduğu üzə çıxıb.

İnnovasiya və Təchizat Mərkəzi

Hesablama Palatası "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsdə apardığı kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı Publik Hüquqi Şəxsin fəaliyyətinə dair nöqsanlar aşkarlayıb. 

Belə ki, dərman preparatları və tibbi ləvazimatların qiymətləri ilə bağlı yol verilmiş nöqsanlar səbəbindən artıq ödənilmiş 2,2 milyon manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, İTS və TƏBİB tərəfindən Mərkəzlə müqayisədə daha yüksək qiymətlərin tətbqi olunduğu hallar üzrə həmin qurumlara məlumatlar göndərilib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO