Pnevmoniya dəhşətli xəstəlikdirmi? – Ekspert xilas yollarını AÇIQLADI

Pnevmoniya dəhşətli xəstəlikdirmi? – Ekspert xilas yollarını AÇIQLADI

Hazırda oxunan: Pnevmoniya dəhşətli xəstəlikdirmi? – Ekspert xilas yollarını AÇIQLADI

103815

“Pnevmoniyanın simptomlarına öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı aiddir. Xəstəliyin ilk günlərində xəstəni adətən yalnız yüngül öskürək narahat edir, sonradan öskürək daha intensivləşir, selikli-irinli bəlğəm ifraz olunmağa başlayır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qrip əleyhinə peyvənd aparılması ilə bağlı – RƏSMİ AÇIQLAMA


O, pnevmoniyanın əlamətləri və mübarizə yollarından bəhs edib: 

“Pnevmoniyanın klinik əlamətləri əsasən iltihabın həcmindən asılıdır. Simptomları xarakterik və ümumi ola bilir. Xarakterik əlamətlərə öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı aiddir.

Xəstəliyin ilk günlərində xəstəni adətən yalnız yüngül öskürək narahat edir, sonradan daha intensivləşir, selikli-irinli bəlğəm ifraz olunmağa başlayır. Döş qəfəsində ağrı əsasən lobar pnevmoniya üçün xarakterikdir, çünki bu halda plevra iltihab prosesinə qoşulur. Adətən belə ağrılar qəflətən başlayır, nəfəsalmada isə bu ağrılar şiddətlənir. Təngnəfəslik də ağır pnevmoniyaların xarakterik simptomudur.

Bu xəstəlik üçün ümumi simptomlar da xarakterikdir. Ümumi əlamətlərə qızdırma, baş ağrıları, halsızlıq, əzələ ağrıları, tərləmə, iştahın azalması və s. kimi simptomlar daxildir.

Pnevmoniya üçün adətən yüksək qızdırma (38-39 °C) və bu qızdırmanın qısa müddətli olaraq antipiretik dərmanların fonunda düşməsi xarakterdir. Lakin immun sistemi zəif olanlarda, qocalarda bədən hərarəti yüksəlməyə də bilir”.

Mütəxəssisin sözlərinə görə, uşaqlarda bu xəstəliyin simptomları hər yaşda müşahidə oluna bilər:

“Lakin 2 yaşa qədər uşaqlar, immun sistemi çox zəif olanlar, 65 yaşdan yuxarı insanlarda pnevmoniya çox təhlükəli ola bilər. Uşaqlarda klinik simptomlar pnevmoniyaya səbəb olan vəziyyətə görə fərqli ola bilsə də, ən çox rast gəlinən əlamətlər öskürək, bəlğəm, sinə ağrısı, qusma və ya ishal, iştahsızlıq, yorğunluq və ümumi zəiflik, sürətli və çətin nəfəs alma, baş ağrısı və s.müşahidə olunur”.

Günay İsmayılova pnevmoniyanın qarşısının alınması üçün tövsiyələrini də əlavə edib:

“Xəstəliyin qarşısını almaq müalicə etməkdən daha asandır. Açıq havada daha çox vaxt keçirmək, hava şəraitinə uyğun geyinmək, eyni zamanda siqaret çəkməyi və spirtli içkilərin qəbulunu tərgitmək tövsiyə olunur. İnsanların çox olduğu yerləri müntəzəm olaraq havalandırmaq lazımdır.

İnfeksiyanın qarşısını alan vacib amillərdən biri də şəxsi gigiyena qaydalarına riayət etməkdir. Bundan əlavə, bol vitaminli meyvə-tərəvəzlərdən istifadə etmək məsləhət görülür. Həmçinin, həftə içi və həftə sonları eyni vaxtda yatın və oyanın, çünki son araşdırmalara görə, yuxu nizamsız olanda immun sistemi zəifləyir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO