Referendum söhbəti yenidən GÜNDƏMDƏ – “İl sonunadək elan oluna bilər”

Referendum söhbəti yenidən GÜNDƏMDƏ – “İl sonunadək elan oluna bilər”

Hazırda oxunan: Referendum söhbəti yenidən GÜNDƏMDƏ – “İl sonunadək elan oluna bilər”

101480

Bu ilin əvvəlindən etibarən Azərbaycanda payız aylarında referendumun keçiriləcəyi ilə bağlı iddialar səslənməkdə idi. Hətta hansı məsələlərə bağlı Konstitusiyaya dəyişikliklər ediləcəyi ilə bağlı da ehtimallar bəlli idi. Bir çox siyasi partiyalar da payızda referendumun baş tutmasını gözləyirdi. Hətta bu məqsədlə hazırlıqlara başladıqlarını elan edən partiyalar da var idi.

Lakin artıq payızda referendumun keçirilməyəcəyi bəlli oldu. Çünki qanunvericiliyə əsasən, referendumun keçirilməsi ilə bağlı rəsmi elan ən azı 60 gün əvvəldən edilməlidir və bu da onu deməyə əsas verir ki, hətta il sonuna qədər də referendumun baş tutması, demək olar ki, qeyri-mümkündür.

Bəs, partiyaların bu gözləntilərinin baş tutmamasına münasibətləri necədir?

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bizim.Media-ya açıqlamasında qeyd edib ki, referendum keçirilməsi təklifi ilə çıxış edənlər içərisində AMİP də var:

“Uzun müddətdir bəyan edirik ki, 2002-ci ildə prorporsional seçki sisteminin ləğvi ilə partiyalaşmaya ciddi zərbə vurulub. Bu təkcə partiyaların zəifləməsi demək deyil, eyni zamanda siyasi institutların gerilməsidir.
Bununla yanaşı parlamentdə deputat sayının artırılması da vacibdir. Çünki 1995-ci ildə 7 milyon əhali üçün 125 nəfər millət vəkili var idisə, artıq bu say 10 milyona çatıb və deputat sayının arıtılmasına da ehtiyac var.

Digər tərəfdən seçki komissiyaların fərqli formatda formalaşdırılması, bələdiyyələrə real səlahiyyətlərin verilməsi, eləcə də icra strukturlarının dəyişdirilməsi (hansı ki, hakimiyyət nümayəndələri icra strukturlarının köhnəldiyini etiraf edir) lazımdır ki, bunların hər biri konstitusion islahatları ehtiva edir. Buna görə də referendumun keçirilməsinə ehtiyac yaranıb.

Biz ümid edirik ki, 2023-cü ildə ölkədə referendum keçiriləcək. Ölkədə seçilən siyasi islahatlar kursuna uyğun olaraq qeyd etdiyim və etmədiyim məqamlar referendumda müzakirəyə çıxarılacaq. Yalnız bundan sonra parlament seçkilərinin keçirilməsi mümkündür. Ümid edirik ki, hakimiyyət islahatlar kursunu bu yöndə davam etdirəcək”.

Respublikaçı Alternativ Partiyanın icra katibi Natiq Cəfərli isə il sonuna qədər refrendumun elan oluna biləcəyini qeyd edib:

“Gələn ilin əvvəlində isə texniki olaraq referendumun baş tutması mümkündür və bu gözləntilər qalıb. Zənnimcə, bu məsələni uzadan əsas məsələ Ermənistanın tutumudur. Çünki sülh müqaviləsinin imzalanması bu prosesi sürətləndirə bilərdi.

Eyni zamanda bizim tarixi-hərbi qələbənin referendumda öz əksini tapmalıdır. Çox güman ki, inzibati-ərazi bölgüsündə də dəyişikliklər burada öz əksini tapacaq. Eləcə də, proporsional seçki sisteminə keçid, bələdiyyələrin səlahiyyətlərinin artırılması və mer seçkiləri kimi məsələlər də gündəmdədir ki, bu da referendumla mümkün ola bilər.
Xatırlayırsızsa, yeni yaradılan iqtisadi rayonlar içərisində Qarabağ və Şərqi Zəngəzur da var idi. Bunların inzibati ərazi vahidlərinə çevrilməsi vacibdir ki, bunun üçün də referendum şərtdir.

Bütün bunları nəzərə alsaq, referendum nəinki keçiriləcək, hətta baş tutması labüddür. Ölkənin yeni iqtisadi-siyasi inkişaf modelinin yaradılmasına ehtiyac var. İndiki sistem işləmir və bəzi problemlər var. Məsələn, icra hakimiyyəti institutları faktiki olaraq işləmir. Düşünürəm ki, bu ilin sonunadək referendumun elan edilməsi ehtimalı qalıb və 2023-cü ildə çox güman ki bizi referendum gözləyir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO