Rusiya-İran anlaşmasının Azərbaycan üçün FAYDALARI – “Valyuta gəlirlərimiz artacaq”

Rusiya-İran anlaşmasının Azərbaycan üçün FAYDALARI – “Valyuta gəlirlərimiz artacaq”

Hazırda oxunan: Rusiya-İran anlaşmasının Azərbaycan üçün FAYDALARI – “Valyuta gəlirlərimiz artacaq”

98855

Xəbər verdiyimiz kimi, oktaybrın 9-da İranla Rusiya dəyəri 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb.

Sazişdə qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qurğuların tikintisinə dair müddəalar öz əksini tapıb.

Eyni zamanda müzakirələr zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin iki ölkə arasında əlaqələrin qurulmasında oynayacağı mühüm roldan da bəhs edilib.

Qeyd etməliyik ki, Azərbaycan İran və Rusiya ilə həmsərhəd olan yeganə ölkədir. Bununla yanaşı sözügedən Şimal-Cənub dəhlizi də Azərbaycan ərazisindən keçir. Bu isə o deməkdir ki, iki ölkə arasında əməkdaşlığın güclənməsinin ölkəmiz üçün də bu və ya digər təsirləri olacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşmasına töhfə verən ölkələrdəndir:

“Eyni zamanda Azərbaycan tərəfindən reallaşması üçün investisiya qoyuluşlarının həyata keçirildiyini də unutmamalıyıq. Xüsusən də, dəmiryolu xəttinin İran ərazisində olan hissəsinin bərpa edilməsilə bağlı Azərbaycan tərəfi maliyyə qoyuluşu həyata keçirilir. Buna görə də, dəhlizin reallaşması və yük daşımalarına start verilməsi tranzit ölkə olaraq Azərbaycanın maraqlarına uyğundur. Eyni zamanda Azərbaycan üzərindən yük daşımalarının bu il artdığını da qeyd etməliyik. Cari ilin geridə qalan müddətində ölkəmiz üzərindən daşımalarda 40 faizdən çox artım olub. Xüsusilə də, beynəlxalq daşımaların artması Azərbaycana daha çox investisiyaların cəlb edilməsinə imkan verir”.

Deputat qeyd edib ki, sadalanan səbəblərə görə Azərbaycan region ölkələrin əməkdaşlığının inkişafını dəstəkləyən ölkədir:

“Bu kontekstdə təbii ki, nəqliyyat dəhlizlərinin inkişafı, xüsusilə də, şimaldan Azərbaycan və İrandan keçməklə Hindistanadək uzanan kommunikasiyalar vasitəsilə daha çox yüklərin daşınması bizim valyuta gəlirlərimizin artmasına imkan verəcək. Bu baxımdan Rusiya və İran arasındakı əməkdaşlıq Azərbaycan üzərindən yük daşımalarının artmasına gətirib çıxara bilər ki, bu da valyuta gəlirlərimizin artmasına töhfə verəcək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO