Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Amma danışığın təfərrüatları geniş ictimaiyyət üçün açıqlanmayıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, hazırda bütün mövzular təbii ki, Ermənistanla münasibətlərin normalllaşdırılması, Rusiya-Ukrayna müharibəsi və dünaynı gözləyən ağır iqtisadi məngənədir:
“Bu baxımdan hesab edirəm ki, Çavuşoğlu ilə Bayramov dünyada yaranmış ağır durumda qarşıdan gələn çağırışlara cavab olaraq görülməsi vacib lazımi tədbirləri müzakirə ediblər.
Praqada baş tutan son görüşlərlə çoxsaylı yeniliklərin şahidi olduq. Ermənistan bölgədəki vəziyyəti həddəna rtıq gərginləşdirir və o özbaşına deyil.
Prezident Makronun Praqadakı görüşə qatılması Ermənistanın zəif olması ilə bağlı idi. Makron əslində böyük bir dövlətin cılız rəhbəridir. O, ölkə daxilindəki problemləri başlı-başlna buraxır. Amma Ermənistana gəldikdə, özünü elə ortaya atır ki, sanki İrəvan Fransanın bir departamentidir. Yəni Paris İrəvan əvəzinə danışmaqla prosesin çözülməsinə gərginlik gətirir”.
Politoloq qeyd edib ki, Azərbaycan Türkiyə münasibətləri tək regionda deyil, artıq beynəlxalq arenada da işlək faktora çevrilib:
“Yunanıstan vasitəsilə Türkiyiyə, bölgəmizdə də Azərbaycana təzyiqlər edildiyini görürük. “Antanta”nın müasir xələfləri yenə də çalışır ki, bölgəmizdə özləri üçün əlverişli məkan yaratsın. Ona görə də Bakı-Ankara oxu Qərb dünyasında böyük narahatlıq doğurur. Halbuki, onların bundan ehtiyatlanmağa heç bir əsasları yoxdur. Nə Azərbaycan, nə də Türkiyə heç bir dövlətin ərazisinə göz tikmir.
Ermənistan isə Azərbaycan və Türkiyəyə ərazi iddiası irəli sürür, silahlanmaya cəhd edir. Buna baxmayaraq, bilsələr də İrəvanın bu davranışına reaksiya vermirlər. Ona görə də Bakı Ankara daim qarşıdan gələn çağırışların mahiyyətini düzgün tutmalı və bu yöndə lazımi tədbirlər görməlidir.
Dünyada dağıdıcı qüvvələr var, Ermənistan tərəfdən dağıdıcı təxribatların şahidi olduq. Aydındır ki, Ermənistan özbaşına bu təxribatları həyata keçirmir.
Makronun canfəşanlığı göstərir ki, fitva hansı tərəfdən gəlir. Ona görə də Bakı ilə Ankara sabitliyin keşiyində dayanmalıdır. Qara qüvvələrin səylərinin ayaq tutub yeriməməsi üçün iki ölkə arasında kordinasiya olmalıdır. Bu yaxınlarda birgə təlimlər də keçirdik. Birlikdə kənar qüvvələrə regionumuzda qarşıdurma meyllərini gücləndirməyə imkan verməməliyik”.
Rüfət Sultan, Bizim.Media