44 günlük savaşda qələbənin əldə edilməsində sözsüz ki, Azərbaycan-Türkiyə birliyi də mühüm rol oynayıb. Məhz belə bir birliyin olmasının nəticəsidir ki, kənar qüvvələr Azərbaycanın torpaqların azad edilməsi uğrunda apardığı mübarizəyə müdaxilə etməkdən çəkiniblər. Bu birlik sonda Ankara ilə Bakı arasında Şuşa bəyannaməsinin imzalanması ilə nəticələndi ki, həmin sənədlə Azərbaycanın əldə etdiyi qələbədən sonra güclənən mövqeyi daha da möhkəmləndi.
Bu birlik həmçinin regionun siyasətini dəyişməyə qadir bir faktor rolunda çıxış edir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, məhz Türkiyə ilə əldə olunan birlik müharibə dövründə Azərbaycana yönəlik kənar təsir və təzyiqlərin neytrallaşdırılmasında mühüm rol oynadı:
“Vətən müharibəsində əldə edilən qələbədə həmçinin qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstək əsas rol oynadı. Qardaş ölkənin zabit və əsgərlərimizin hazırlanması, peşəkarlığının yüksəlməsində önəmli rolu olub. İki ölkənin hərbi əməkdaşlığının yüksək səviyyədə olması da əldə olunan məhtəşəm uğura öz töhfəsini verib. Bundan başqa, Türkiyənin 44 günlük müharibə dövründə verdiyi bəyanatlar da prosesdə öz sözünü deyib.
Bu bəyanatlar həmin ərəfədə Azərbaycana yönəlik kənar təsir və təzyiqlərin neytrallaşdırılmasında mühüm əhəmiyyət kəsb etdi.
Türkiyə Prezidenti Ərdoğan, xarici işlər naziri Çavuşoğlu və digər yüksək rütbəli şəxslərin səsləndirdikləri açıq bəyanatları göstərdi ki, qardaş ölkə Azərbaycana dəstək olmaq, onun arxasında dayanmaq üçün həmin yolda istənilən addımı atmağa hazırdır. Bu mənada, imzalanan Şuşa bəyannaməsi də möhtəşəm birliyin bariz nümunəsi oldu. Prosesdə Türkiyənin oynadığı rol, iki ölkənin birliyi eyni zamanda, yaşadığımız regionda ciddi dəyişikliklərə yol açdı.
İndi regionda heç bir layihə, heç bir addım bu iki qardaş ölkənin iştirakı olmadan reallaşa bilmir. Bir sözlə, sözügedən birlik göstərdi ki, Türkiyənin timsalında Azərbaycanın qətiyyətli, əməldə bir olan müttəfiqi var”.
Millət vəkili onu da qeyd edib ki, Vətən Müharibəsi zamanı göstərilən dəstəyin yekunu olaraq sonda ŞUŞA BƏYANNAMƏSİ imzalandı. Bu isə regionda və dünyada türk dövlətlərinin əlini daha da gücləndirdi.
Rüfət Sultan, Bizim.Media