“Münaqişədən sonra Azərbaycanın qarşısında bir sıra məsələlər durur”.
Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev jurnalistlərə bildirib.
O deyib ki, Azərbaycan Vətən Müharibəsində qazandığı qələbəyə görə paradiqmanı dəyişdirə bilib.
“Artıq Ermənistanın Baş naziri soruşur ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyırmı? Bu illər ərzində bizim torpaqlarımız işğal altında idi. Bizim üçün əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal olunmuş ərazilərimizin azad olunması idi. Artıq biz bu paradiqmanı dəyişdirmişik. Post-münaqişə dövründə görürük ki, ABŞ və Fransa proseslə fəal şəkildə məşğul olmağa çalışır. Biz Ermənistanla olan prosesi daha çox Avropa İttifaqı platforması çərçivəsində davam etdirməyə çalışırıq, ancaq Azərbaycan digər ölkələrlə də müzakirələrə hazırdır.
Əgər hər hansı ölkə prosesə töhfə vermək istəyirsə, biz bunu alqışlayırıq. Azərbaycanın isə proseslə bağlı mövqeyi bəllidir: biz beş bəndlik prinsipləri fevral ayında açıqlamışıq, bu, Ermənistan tərəfinə təqdim olunub. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi bu məsələni təxirə salır və biz bu fonda hətta təxribatları da görürük. Sonuncu təxribat sentyabr ayında oldu və təəssüf ki, biz yenə şəhid verdik.
Cəmiyyətdə sonuncu təxribatlarla bağlı bir sıra suallar var. Biz bunu müzakirə etdik. Bizim baxışımız odur ki, Azərbaycan münaqişəni həll edib, post-münaqişə dövrünə qədəm qoymuşuq. Lakin bu o demək deyil ki, post-münaqişə dövründə hər hansı itki və ya problem olmayacaq”, - Fərid Şəfiyev qeyd edib.
O vurğulayıb ki, Ermənistanın daxilində və xaricində onun bəzi havadarları Azərbaycana qarşı təxribatlar törətməyə çağırışlar edirlər, silahlanmanı, hücumu təşviq edirlər:
“Biz buna hazır olmalıyıq. Ümumiyyətlə regionumuzda – İranda və Rusiyada mürəkkəb proseslər gedir. Azərbaycanın təhlükəsizliyi həmişə prioritetdir və hökumət də bununla bağlı müvafiq addımlar atır. Bizim müdafiə sistemimiz güclü olmalıdır. Təbii ki hamımız ümidliyik ki, daha şəhid verməyəcəyik, itkimiz olmayacaq. Ancaq bu cür şəraitdə belə bir qonşu ilə çətindir. Onun daxilində bir çox revanşist, irqçi qüvvələr var və buna görə də biz hər şeyə hazır olmalıyıq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:52 / 27.09.2022
“Ermənistanda revanşist qüvvələr var, hər şeyə hazır olmalıyıq” - Fərid Şəfiyev
Hazırda oxunan: “Ermənistanda revanşist qüvvələr var, hər şeyə hazır olmalıyıq” - Fərid Şəfiyev
Hazırda oxunan: “Ermənistanda revanşist qüvvələr var, hər şeyə hazır olmalıyıq” - Fərid Şəfiyev
96022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.