"ABŞ Rusiya Federasiyasının sərhədlərində vəziyyətin sabitliyini pozmaq üçün hər cür cəhdlər edir və indi bu minvalla Ermənistanı oynatmağa başlayıb".
Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Rusiyalı politoloq Yevgeni Mixaylov səsləndirib.
Rusiyalı politoloq vurğulayıb ki, ermənilər boş yerə amerikalılara inanırlar, çünki Amerikanın "demokratiya" adı ilə kömək etdiyi bütün ölkələr sonda ya xarabalığa, ya da Amerikadan tam asılı dövlətə çevrilir. Son addımlar Ermənistan üçün də fəlakət ola bilər:
"Rusiya Federasiyası Amerikanın Ermənistanda möhkəmlənməsinə imkan verməyəcək. Artıq bununla bağlı Ermənistana etirazlar çatdırılıb. Ermənistan Rusiyanın oradakı hərbi bazasını NATO bazası ilə əvəz etmək üçün “KTMT” və “Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatından” çıxmalıdır.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı sammiti öncəsi niyə təxribat törətdi? - Yevgeni Mixaylovun ŞƏRHİ
Rusiya Ermənistanı öz milli maraqlarına uyğun saxlamaq üçün hər cür səylər göstərəcək. Anlamaq lazımdır ki, Pelosinin Ermənistan səfəri Rusiya Federasiyası üçün yaxşı çağrışdır və bu vəziyyət Azərbaycanı Amerikadan uzaqlaşdıraraq Rusiya ilə daha möhkəm ittifaqa gətirir".
Pelosinin İrəvana səfərinə də münasibət bildirən politoloq qeyd edib ki, Amerika heç bir vəchlə cənubi Qafqaza girə bilməyəcək:
"ABŞ Azərbaycanı Ermənistana hücumda ittiham etdi və bununla da dolayı yolla NATO-nun üzvü, Azərbaycanın tərəfdaşı və təhlükəsizliyinin təminatçısı olan Türkiyəni qınamış oldu. Düşünürəm ki, biz Ermənistanı öz vədlərində ardıcıl olmağa və rəsmi İrəvanın Azərbaycanla imzaladığı 10 Noyabr sülh bəyənatının tərəfdarı olmağa sonadək inandıra biləcəyik. Əks halda amerikalılar bu cür niyyətlə heç vaxt Cənubi Qafqaza girməyəcəklər".
Leyla Şah, Bizim.Media