Sentyabrın 12-14-də Ermənistan tərəfinin təxribatlarından sonra sərhəd toqquşmalarının baş verməsi gələcəkdə bu cür təhdidlərin baş verməsinin qarşısını almaq üçün ciddi tədbirlərin görülməsini zərurətə çevirib. Xüsusilə də, təhlükəsizlik zonasının yaradılması məsələsi daha çox ön plana çıxarılır.
Bəs, təhlükəsizlik zonası nədir?
Təhlükəsizlik zonası (və ya bufer zona) düşmən qoşunlarını və ya qruplarını bir-birindən ayırmaq üçün yaradılmış ərazilərdir. Bufer zonaları adətən demilitarizasiya olunur. Dünyada bu tip ərazilərə veriləcək ən yaxşı örnəklərdən biri Türkiyəyə məxsusdur. Belə ki, qardaş ölkə cənubdan gələn terror təhdidinin qarşısını almaq üçün Suriyanın şimalında sərhədboyu təhlükəsizlik zonası təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycan və Ermənistan diplomatları danışıqlar masasına qayıtmalıdır" - Blinken
Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zonası hansı formada təşkil oluna bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, təhlükəsizlik zonasından daha çox son dövrlərdə istifadə olunmağa başlanılıb:
“Xatırlayırsınızsa, ermənilər 30 il müddətində torpaqlarımızın bir hissəsini təhlükəsizlik zonası adı altında işğal altında saxlayırdılar. İndi də ABŞ, Rusiya kimi dövlətlər bu təcrübədən istifadə edilər. Bu yöndə presedentlər var. Amma hesab edirəm ki, Azərbaycanın bu istiqamətdə hərəkət etməsi məqsədəuyğun deyil. Çünki Azərbaycan öz ərazilərini müdafiə edir, lakin eyni zamanda bir sıra dövlətlər bizi “təcavüzkar” kimi təqdim etməyə çalışır.
Hesab edirəm ki, Azərbaycan indiki zamanda sərhədləri dəqiqləşdirməli və mühafizəsini gücləndirməlidir. Sərhəd ərazilərinin hamısında sərhəd qoşunları ilə yanaşı digər qoşun növləri də saxlanmalıdır ki, hər hansı təxribatın qarşısı zamanında alınsın”.
Qulamhüseyn Əlibəylinin qənaətinə görə, sərhədlərin mühafizəsinin gücləndirilməsi də təxribatların qarşısını tamamilə almaq üçün yetərli olmayacaq:
“Çünki artıq böyük güclər təxribatların olmasında, bölgədə qeyri-sabitliyin saxlanmasında maraqlıdırlar. Ona görə də, biz Ermənistanın Azərbaycan ərazisində təxribatlar törədən mövqelərini məhv edə bilərik. Lakin istənilən halda, ilk növbədə sərhədlərin müəyyən olunması zəruridir”.
Murad Əhmədov, Bizim.Media