"ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər etməklə və Avropanın Ermənistanda olan ən təhlükəli avtokratlarından bəziləri ilə vaxt keçirməklə böyük səhvə yol verib".
Bu sözləri Bizim.Media-ya verdiyi özəl açıqlamada ABŞ-da yaşayan politoloq Piter Teys söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Nensi Pelosinin İrəvan səfərində korrupsiya izi
O, bildirib ki, Nensi Pelosi Amerikanı Kraliça II Elizabetin dəfn mərasimi üçün Birləşmiş Krallığa səfər edən prezident Co Baydenlə eyni vaxtda tərk edib:
"Spiker Pelosi kraliçanın dəfnindən istifadə edərək başqa yol seçə və İrəvana səfərini diplomatik şəkildə təxirə sala bilərdi. Xanım Nensi Amerikanın Avrasiyadakı ən sadiq müttəfiqi, eyni zamanda sülhsevər dövlət olan Azərbaycan Respublikasına və xalqına qarşı böhtan tipli bəyanatlar verməklə ciddi səhvə yol verib. Dövləti təmsil edən siyasətçi adi siyasətçidən fərqli olaraq hissə qapılaraq və ya hansısa toplumun təsirinə düşərək ürəyi istədiyi kimi bəyənatlar verməməlidir.
Bəyanatlardan öncə xanım Pelosi xatırlamalı idi ki, indi təcavüzə uğrayan kimi qələmə verdiyi ölkə, 30 il bütün dünyanın gözü qarşısında Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal altında saxladı".
Ekspert onu da vurğulayıb ki, rəsmi Vaşinqton Azərbaycanı bölgədəki strateji məqsədləri üçün heç vaxt təhlükə mənbəyi hesab edə bilməz:
"Təəssüflər olsun ki, bəzi siyasətçilərimiz yalnız müxtəlif ştatlarda yaşayan erməni icmalarının səslərini toplamaqla məşğuldurlar və indi bütün səyləri də, məhz buna doğru yönəlib. Qlobal terrorizmlə mübarizədə Azərbaycan ABŞ-ın ən yaxın müttəfiqlərindən biridir. Ümidvaram ki, Nensi Pelosinin son açıqlamaları uzun illər ərzində qurulmuş ABŞ-Azərbaycan münasibətlərini sarsıda bilməyəcək. İndiki məqamda ABŞ-a tərəf tutmaqla, bölgədəki gərginliyi artırmaq yox, tərəfləri sülhə dəvət etmək vacibdir" - deyə ekspert fikirlərini yekunlaşdırıb.
Leyla Şah, Bizim.Media