2020-ci ildə Ermənistanın Azərbaycanla imzaladığı kapitulyasiya aktının əsas müddəalarından biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsi idi. Ötən iki il müddətində Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, Ermənistan müxtəlif bəhanələr gətirərək dəhlizin istifadəyə verilməsini ləngidib.
Rusiya mətbuatında isə dəhlizin istifadəsinə mane olan əsas tərəf kimi məhz ABŞ göstərilir.
Rusiya siyasətçilərinin fikrincə, dəhliz Rusiya və Türkiyənin strateji və iqtisadi baxımdan yaxınlaşmasına, eyni zamanda Rusiyanın Avropaya daha asan çıxmasına qapı açdığı üçün ABŞ dolayı yolla Ermənistan rəhbərliyinə təzyiq göstərərək dəhlizin istifadəyə verilməsinə mane olur.
Mövzu ilə bağlı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ilə müzakirə apardıq.
O bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsinin tərəfdarıdır:
MÖVZU İLƏ BAĞLI:
Son toqquşma Brüssel görüşünün nəticələrini ləğv etdimi? – TƏHLİL
“Tərəflər arasında atəşkəsin pozulması və canlı itkilərin olması bölgəyə sülhün gəlməsini əngəlləyən əsas səbəbdir. Biz liderlərin Brüsseldəki son görüşünə baxsaq, onların hər ikisinin sülhə hazır olduğunu bildirdiklərini görərik.
Sərhəddə son baş verənlər isə göstərir ki, sülhün tezliklə əldə olunması xeyli ləngiyəcək. ABŞ bu müddət ərzində bütün səyləri ilə çalışdı ki, Ermənistan-Azərbaycan, eləcə də Ermənistanla Türkiyə arasında davamlı sülh təmin olunsun. Çünki məhz bu zaman bölgədəki sabitlik fonunda geniş iqtisadi irəliləyişlər baş verəcək”.
Keçmiş səfir açıqlamasında onu da qeyd edib ki, Rusiyanın Avropaya inteqrasiyasına və iqtisadi vəziyyətinin pisləşməsinə mane olan yeganə səbəb Ukrayna ərazisində apardığı müharibədir:
“Zəngəzur dəhlizi Rusiyanın Avropaya açılımı baxımından elə də böyük əhəmiyyət daşımır. Rusiyanın Avropaya çıxışına mane olan yeganə faktor Ukraynada apardığı müharibədir. Zəngəzur dəhlizi ən yaxşı halda Rusiyanı Türkiyə ilə yaxınlaşdıra bilər. Amma Rusiyanın Türkiyə iqtisadiyyatına daha da açılması, Qərbin Rusiya iqtisadiyyatında yaratdığı boşluğu bərpa etməyəcək”.
Metyu Brayzanın fikrincə, Zəngəzur dəhlizinin açılması regionda ən çox Azərbaycana fayda verəcək:
“Dəhlizin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edib. Avropa və Rusiya rəsmiləri ilə keçirdiyi görüşlərdə də İlham Əliyev Ermənistanı dəhlizin istifadəsinə mane olmamağa çağırıb.
Naxçıvan və Türkiyəyə birbaşa çıxışın əldə edilməsi və quru yolunun açılması baxımından dəhlizin Azərbaycan üçün əhəmiyyəti böyükdür. Ermənistanın dəhlizin istifadəsinə razılıq verməməsinə gəlincə isə, bu ölkə daxilindəki qarışıqlıq və xaosla əlaqədardır. Paşinyan bunu reallaşdırmağa çalışsa da, ölkədə Rusiya meyilli siyasi qüvvələr gərginlik yaradaraq rəhbərliyi bu fikrindən daşındırıb”.
Leyla Şah, Bizim.Media