Ermənistanın həyata keçirdiyi geniş miqyaslı təxribatı istər-istəməz sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində aparılan danışıqlara da mənfi çalarlar gətirə bilər. Prosesdə bəzi xarici qüvvələrin marağının da olduğunu nəzərə alsaq istər-istəməz danışıqlar prosesi müəyyən müddətə dalana dirənə bilər.
Bu halın xüsusən də Avropa İttifaqının vasitəçiliyilə aparılan Brüssel danışıqlarının gedişinə təsir edəcəyi istisna deyil. Bu əsasda danışıqlara yenidən başlamaq lazımdırmı?
Azərbaycan sözsüz ki, qaldığı yerdən davam edəcək. Bakı yenə də öz haqlı və qanuni mövqeyini ortaya qoyacaq. Ermənistan isə 44 günlük müharibədən sonra götürdüyü öhdəliyi yerinə yetirməlidir. Sülhün əldə edilməsi və bölgədə əmin-amanlığın yaranması yalnız bundan keçir. İrəvan Azərbaycan qarşısında başqa alternativinin olmadığını anlamalıdır.
Qərbə gəldikdə, görünən odur ki, onlar Rusiya ilə aralarında mövcud olan gərginliyi indi də Cənubi Qafqaza yönəltmək istəyir. Yəni Qərb çalışır ki, burada da Moskvanın mövqeyini zəiflətsin. Lakin bu kontekstdə aydın şəkildə görünür ki, Qərb iki xalqın taleyinə öz maraqları kontekstindən yanaşır. Bu fonda maraqlarına cavab verdiyi təqdirdə, erməni və azərbaycan xalqı arasında gərginliyin yenidən alovlanmasına da gedirlər. Təəssüf ki, bu reallıqdır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasov danışıqların qüvvəsində qaldığını dedi:
“Siyasi təcrübədə mövcud olan yanaşmaya görə əldə olunan elə yerində də qalır. Yəni onun üstündən xətt çəkmək olmaz. Bu mənada Brüssel görüşünün üzərindən də xətt çəkmək olmaz. Danışıqlar qüvvəsində qalır. Bu o demək deyil ki, Ermənistanın təxribatı üzündən danışıqların mahiyyəti itir. Ermənistan istəsə də, istəməsə də sülh müqaviləsinə imza atılmalıdır. Sadəcə məsələ ondadır ki, İrəvan sülhə gedən yolu bacardıqca uzadır. Özü də xeyrinə yox, öz zərərinə uzadır. İrəvan Azərbaycan üçün heç bir təhdid törədə bilməyəcək. Ermənistanın təhdidləri yalnız və yalnız özlərinin məhvinə səbəb olur. Yəqin ki, bundan sonra ermənilər daha praqmatik düşünməli olacaq. Başqa çıxış yolları da yoxdur. Ölkə ağır durumda, tənəzzüldədir”.
Ekspert qeyd edir ki, son gərginliyin əsas səbəbkarı Qərbdir:
“Onlar prosesdə olmadıqda hesab edirlər ki, həmin proses ərsəyə gələ bilməz. Burada ABŞ-ın böyük günahı var. ABŞ 2008-ci ildə Gürcüstanı meydana atdı. Amma sonda qaçıb getdilər. İndi Ukraynanı da meydana atıblar.
Amma Ukrayna rəhbərliyi də Qərbin verdiyi vədləri yerinə yetirmədiyini söyləyir. ABŞ həmişə başqa tərəfləri qızışdırmağa hazırdır, o fikirlə ki, əvvəl-axır məsələnin çözümü üçün yanına gəlsinlər. Belədə Ermənistanı qızışdırıb ortaya saldılar. ABŞ-ın məntiqincə Zəngəzur dəhlizi Rusiyanın marağında olduğundan, ona mane olmalıdırlar. Ermənistan isə öz subyektivliyini itirən bir dövlətcığazdır. Həmişə kənardan idarə olunur”.
Rüfət Sultan, Bizim.Media