“Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsi ilə bağlı ictimai-siyasi sferada müzakirələr davam edir. Ən geniş fikir ayrılığının olduğu müddəalardan biri isə 2 dəfə ardıcıl olaraq seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatının ləğvi məsələsidir.
Maraqlıdır ki, sözügedən müddəa layihəyə müxalifətdə olan Respublikaçı Alternativ Partiyanın təklifi ilə daxil edilib.
Sözügedən mövzuda Bizim.Media-ya açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildrib ki, partiyaların siyasi gücünü göstərən əsas amil seçkidə iştirakdır:
“Bütün dünyada partiyanın gücünü də seçkilərdə topladığı səslər göstərir. Sən seçkilərdə səs toplamalısan ki, ciddi partiya olduğunu göstərəsən. Hakimiyyətə gəlməyin yeganə hüquqi yolu da seçkilərdir. Ona görə də düşünürəm ki, boykot anlayışı siyasi səhnəni xeyli geriyə aparıb”.
Buna rəğmən partiya sədrinin fikrincə, yeni qanun layihəsində sözügedən məsələ istənilən səviyyədə nəzərə alınmayıb:
“Yəqin ki, qanunu hazırlayanların partiyalar haqqında bilgiləri az imiş. Qanunda qeyd edilib ki, “eyni seçkilərdə ardıcıl olaraq iştirak etməyən partiyalar”. Yəni prezident, parlament və bələdiyyə seçkilərində ardıcıl olaraq iştirak etməməkdən söhbət gedir. Lakin mötərizə içərisində də bildirilir ki, “seçkilərdə iştirak qeydə alınma ilə müəyyən olunur”.
Məsələn, mən Ağ Partiyanın sədri olaraq prezidentliyə namizədliyimi irəli sürmək üçün ardıcıl iki seçkilərdə 40 min imza toplayıb MSK-ya təqdim edirəm, lakin komissiya namizədliyimi bu və ya digər səbəbdən qeydə almaya bilər.
Nəticədə partiya olaraq qeydiyyatımız ləğv olunacaq. Yəni, hazırki layihəyə əsasən, partiyaların seçkilərdə iştirakını partiyanın özü yox, MSK müəyyən edir.
İkinci tərəfdən, iştirak etməmə, boykot, blok şəklində seçkilərdə iştirak etmək kimi məsələlər var ki, onlar da qanunvericilikdə öz əksini tapmayıb. Seçki tariximizdə dəfələrlə blok formasında iştirakçılıq qeydə alınıb. Əgər bloka daxil olan partiyalar öz namizədlərini irəli sürməyiblərsə, onlar seçkilərdə iştirak etməmiş sayılacaqlar?”
Tural Abbaslının sözlərinə görə, qanunvericilikdə bu cür detalların aydın şəkildə göstərilməsinə ehtiyac var. O, əlavə edib ki, bir neçə müddəaya da oxşar formada düzəlişlərin edilməsi vacibdir.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:00 / 14.09.2022
REAL-ın təklifinə Tural Abbaslıdan MÜNASİBƏT – “Qanunu hazırlayanların bilgiləri az imiş”
Hazırda oxunan: REAL-ın təklifinə Tural Abbaslıdan MÜNASİBƏT – “Qanunu hazırlayanların bilgiləri az imiş”
Hazırda oxunan: REAL-ın təklifinə Tural Abbaslıdan MÜNASİBƏT – “Qanunu hazırlayanların bilgiləri az imiş”
93826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.