Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi geniş miqyaslı təxribat fonunda aldığı ağır zərbədən sonra İrəvanda yenidən aksiyalara start verilib.
Belə ki, 2020-ci il müharibəsində ölmüş erməni hərbçilərinin yaxınları və müxalifət nümayəndələri dünəndən başlayaraq parlamentin ətrafına toplaşıblar.
Onlar baş nazir Nikol Paşinyanın istefası tələbilə aksiya keçirirlər. Aksiya iştirakçıları Azərbaycanla başlanan növbəti gərginliyin günahkarının Paşinyan olduğunu düşünür.
Görünən odur ki, son hadisələr fonunda Ermənistanda vəziyyət gərginləşir. Müxalifət mövcud durumdan istifadə edərək, bu dəfə Paşinyanın istefasına nail olmağa çalışır. Amma keçirilən aksiya onu da göstərir ki, bu dəfə erməni xalqı hansısa hakimiyyət davası deyil, əksinə mənasız müharibəyə son verməyi tələb edir. Çünki rəsmilərdən və müxalif siyasilərdən fərqli olaraq artıq erməni xalqı bu müharibənin onlara xeyir gətirməyəcəyi, əksinə yaxınlarının mənasız ölümü və əzablar gətirəcəyini gözəl bilirlər.
MÖVZU İLƏ BAĞLI:
SEÇİM ANI - Paşinyan sabah Şanxay Sammitinə gələcəkmi?
Düzdür, xalqın bu istəyindən də sui-istifadə edərək, hakimiyyətə gəlməyə cəhd edənlər var. Onlar bütün vasitələrlə çalışacaq ki, xalqın müharibəyə son vermək tələbini öz maraqlarına uyğunlaşdırsınlar. Amma bütün hallarda keçirilən aksiya onu göstərir ki, erməni xalqı artıq müharibədən, övladlarının başqa torpaqda yersiz ölümündən bezib.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Ermənistanda başlanan aksiya erməni xalqının mənasız müharibədən bezdiyinin göstəricisidir:
“Paşinyanın əmrilə erməni hərbçilərinin törətdiyi bu təxribat da əvvəlkilər tək fiaskoya uğradı. Onların itkilərinin sayı 300-350 arasında göstərilir. Ermənistanın strateji hərbi obyektləri məhv edilib. İrəvandan Gorusa gedən nəqliyyat yoluna nəzarət üçün Azərbaycanın strateji mövqe əldə edib. Nəticədə Paşinyana qarşı revanşistlərin növbəti etiraz dalğası üçün stimul yaranıb.
Amma 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğrayan Paşinyan yenə də hakimiyyətini qoruyub saxladı. Onun devrilməsi çətindir. Onu devirmək istəyənlər erməni xalqının gözündə çoxdan nüfuzdan düşmüş revanşist qüvvələrdir.
Hansı ki, onlar da Azərbaycanı müharibə ilə hədələyir. Paşinyan özü isə minlərlə erməni əsgərinin ölümünə bais olan məğlub liderdir. Belədə yaranmış prosesi təhlil edərək bu qənaətə gəlmək olar ki, erməni xalqının müharibə etmək niyyəti yoxdur. Onlar gözəl dərk edir ki, müharibə Ermənistan üçün növbəti faciə, fəlakət demək olacaq”.
Məsələyə bu kontekstdən yanaşan deputat düşünür ki, revanşistlər içərisindən, “Qarabağ klanı”ndan kimlərinsə hakimiyyətə gəlmə ehtimalı sıfıra bərabərdir:
“Belə olan halda, müharibədə iştirak etməyən, xalqı müharibə aparmağa çağırmayan, Qarabağ konfliktilə birbaşa bağlı olmayan adamlar Paşinyan üçün daha ciddi rəqibə çevriləcək. Bu baxımdan milyarder Vardanyan əsas füqurlardan biri kimi nəzərdən keçirilir. O da dəfələrlə deyib ki, onun bu müharibədə heç bir iştirakı olmayıb, Qarabağla bağlı hər hansı siyasi qərarın qəbulunda iştirak etməyib.
Ona görə də Paşinyan devrilərsə, yerinə Vardanyanın gəlməsi ehtimalı daha yüksəkdir. Amma bu gün Ermənistanda çıxış yolu haqqında heç kimdə konkret təsəvvür yoxdur. Azərbaycan bu ölkənin bütün sütunlarını sarsıdıb, indi diqtə etdiyimiz şərtlərdən başqa heç bir sağlam çıxış yolları qalmayıb. Şərtlərimizi qəbul edib bəlli bir sərhəd çərçivəsində sülh içində yaşaya bilərlər, hətta iqtisadi inteqrasiyamız da mümkün olar”.
Rüfət Sultan, Bizim.Media