"Genişmiqyaslı təxribatlara görə məsuliyyət bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında deyib.
Telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib.
Dövlət başçısı İlham Əliyev bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.
Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Dövlət başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.
Bizim.Media