“Fransa Azərbaycan və Ermənistanın sərhədində eskalasiya ilə bağlı BMT Təhlükəsizlik Şurasını çağırıb. Şuranın daimi üzvü kimi Fransa bu hüquqa malikdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov sosial şəbəkə hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN
Politoloq qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik olan daimi üzvləri ABŞ, Fransa, Rusiya, Çin və Böyük Britaniyadır:
“Hazırkı qeyri-daimi üzvlər isə bunlardır: Albaniya, Braziliya, Qabon, Qana, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, BƏƏ”.
Fərhad Məmmədovun fikrincə, Fransanın təşəbbüsünün nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasının birtərəli qınama, yaxud da müraciət xarakterli qətnaməsi qəbul edilə bilər:
“Sədrlik ifadələri əhəmiyyətli sənəddir, lakin o qədər də vacib deyil. Hansı ölkələrin necə səs verəcəyi ilə bağlı isə deyə bilərik ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən qətnamə layihəsinə Fransa və ABŞ istənilən variantı birmənalı şəkildə dəstəkləyəcək. Çin mütləq qərardan çəkinəcək. Rusiya və Böyük Britaniyanın davranışı isə maraq doğurur. Onlar layihəni apellyasiya şikayəti ilə dəstəkləyə ya da qətnamə layihəsində qınamaqla bitərəf qala bilərlər. Böyük Britaniya veto hüququndan da istifadə edə bilər. Çünki yeni hökumət başçısı sabiq xarici işlər naziri olan Liz Tras nəyin nə olduğunu yaxşı bilir”.
Politiloq qeyri daimi üzvlərin layihəyə necə münasibət bildirə biləcəkləri ilə bağlı proqnozlarını da açıqlayıb:
“Qeyri-daimi üzvlər arasında Qoşulmama Hərəkatına üzv olan 5 ölkə var - Qabon (həmçinin İƏT üzvüdür), Qana, Keniya, BƏƏ (həmçinin İƏT üzvüdür) və Hindistan. Hindistan, şübhəsiz ki, Ermənistanı dəstəkləyəcək. Bununla belə, Albaniya həm də İƏT üzvüdür. Norveç isə ABŞ-ın mövqeyinə uyğun münasibət sərgiləyəcək. Meksika və Braziliyanın mövqeyi isə sual altınadır. Ümumilikdə isə, tamhüquqlu qətnamənin qınaqla qəbul edilməsi şansı müraciət xarakterli qətnamədən daha azdır. Bizim lehimizə səslərin sayı 7-5 ola bilər”.
Fərhad Məmmədov əlavə edib ki, hazırkı eskalasiya BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yeni qətnaməsinə səbəb ola bilər.
“Ancaq Qarabağ məsələsi heç bir halda qətnamədə öz əksini tapmayacaq. Sənədin məzmunu ilə isə yalnız Təhlükəsizlik Şurasının iclası baş tutduqdan sonra tanış ola biləcəyik”.
Murad Əhmədov, Bizim.Media