Ermənilər növbəti dəfə sözlərinə naxələf çıxdılar. Demişdilər ki, sentyabrda bir dənə də olsun silahlı erməni Qarabağda qalmayacaq. Budur, sentyabr ayı yarı oldu. Amma ermənilərdə heç bir hərəkətlilik yoxdur. Əksinə, Qarabağdakı erməni silahlı dəstələri davamlı şəkildə təmas xəttində təxribatlar törədirlər.
Halbuki, 2020-ci ilin 10 noyabr anlaşmasının 4-cü bəndinə əsasən Qarabağdakı bütün silahlı birləşmələr ərazidən çıxarılmalı bundan sonra Rusiyanın sülhməramlıları bura yerləşməli idi.
Lakin, ruslar erməni silahlı birləşmələrinin Qarabağdan çıxmasını gözləmədən sülhməramlıları ərazilərə yerləşdirdilər.
Son günlər isə rusiyalı sülhməramlılarının nəzarət zonasında olan erməni silahlı birləşmələri davamlı olaraq mövqelərimizi atəşə tutur.
Bəs, Qarabağda nə baş verir və hazırda orada qalan erməni silahlıları kimlərdən ibarətdir?
Politoloq Fərhad Məmmədov Bizim.Media-ya açıqlamasında Qarabağdakı erməni hərbçilərini 2 yerə böldü.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistan dəhlizlə bağlı yekun qərar verməsə...” - Fərhad Məmmədovdan son vəziyyətin ŞƏRHİ
“Birincisi, müddətli hərbi qulluqçulardır. Onları Ermənistan çoxdan ərazidən çıxarıb və yeni çağırışılar da İrəvan tərəfindən Qarabağa göndərilmir.
Digərləri isə müqaviləylə olanlardır. Müqaviləynən olanlara pulları Qarabağdakı qondarma qurum ödəyir. O quruma da pulları Ermənistan büdcəsi verir. Dolayısı ilə Ermənistan Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə erməni hərbçilərini maliyyələşdirir və onları saxlayır. Bu birinci məqam.
İkinci məqam ondan ibarətdir ki, Ermənistan yerli hərbi birləşmələri qəsdən tərksilah etmir. Bununla da növbəti eskalasiyalar üçün şərait yaradır. Bunun da işartılarını biz artıq görməkdəyik”.
Fərhad Məmmədov onu da bildirdi ki, Ermənistan hər vəchlə istəyir ki, erməni hərbi qüvvələri bu ərazidə qalsın.
“Azərbaycanınsa prinsipial mövqeyi ondan ibarətdir ki, erməni hərbi birləşmələrinin sonuncu nəfəri də Qarabağdan çaıxarılsın. Ermənistanın bu gün sərgilədiyi hərəkətləri təbii ki, rəsmi İrəvanın səmimiliyinə kölgə salır və onların Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiklərini sübut edir”.
Surxay Atakişiyev, Bizim.Media