21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanması tarixi hadisə kimi qiymətləndirilir.
Bu memrandum iki dövlət arasında olan siyasi, iqtisadi münasibətləri genişləndirib, Azərbaycanın artan nüfuzunu daha da genişləndirəcək.
Bizim.Media-ya açıqamasında siyasi şərhçi Fərhad Məmmədov bildirib ki, bu memorandumun imzalanması Azərbaycan Türkmənistan münasibətlərinə və eyni zamanda Mərkəzi Asiya ölkələrinə də öz töhvəsini verəcək.
MÖVZU İLƏ BAĞLI:
Qarabağdakı silahlı ermənilər məhv ediləcək – POLİTOLOQ
“Azərbaycan Türkmənistan və digər Xəzəryanı dövlətlərlə Xəzərin statusu ilə bağlı konvensiya imzalayıb. Bununla da dənizin statusu və eybi zamanda hər bir ölkəyə məxsus olan milli sektorlar müəyyən olunub. Bununla da həm İran, həm də Türkmənistanla açıq qalan məsələlər həllini tapıb. Rusiya və Qazaxıstanla biz bu məsələləri 90-cı illərin sonunda həll etmişdik. Bu memorandum ilk növbədə Azərbaycan Türkmənistan münasibətlərinə və eyni zamanda Mərkəzi Asiya ölkələrinə də öz töhvəsini verəcək”.
Azərbaycanın bu işdə həmçinin tranzit ölkə kimi çıxış edəcəyini bildirən politoloq, həm də Türkmənistanın neft və qaz ehtiyatlarını dünya bazarına giriş və çıxışını təmin edə biləcəyini də bildirib.
“Həm Qazaxıstan, həm də Türkmənistan Azərbaycanın infrastrukturundan istifadə edərək, Qərb bazarına çıxış əldə edirdi. Lakin bu yatağın kəşfi işin həcmini çoxaldacaq və gəlirlərin də artmasına səbəb olacaq. Bu layihə ilə Azərbaycan istehsal ilə yanaşı tranzit funksiyasını həyata keçirən ölkə kimi də çıxış edəcək. O, Türkmənistanın neft və qaz ehtiyatlarını dünya bazarına giriş və çıxışını təmin edə bilər.
Bu da yeni gəlir mənbəyi olacaq. Bununla da Azərbaycan yeni mərhələyə qədəm qoyacaq. İlk növbədə bu Azərbaycana uzun illər istifadəsi mümkün olmayan Xəzər dənizindəki yataqlardan istifadə etmək hüquqi verir. İkinci tərəfdən bizim Mərkəzi Asiya ilə əsas hədəflərimiz ticarət dövriyyəsinin artırılması, nəqliyyat sahəsinin inkişafı olacaq.
İki ölkə arasında olan limanlarda işin sinxronlaşmasında, yüklərin daha tez çatdırılması istiqamətində işlər görülərsə, bu Memorandum Azərbaycan iqtisadiyyatına çox müsbət təsirlərini göstərərək, həm geosiyasi, həm də iqtisadi mənada yeni imkanlar və dividentlər qazandıracaq.
Sonda politoloq Türkmənistanın Türk Birliyinə daxil ola bilmə ehtimalından da danışıb.
“Bilirik ki, Türkmənistan konstitusiyasına görə, neytral bir dövlətdir. Dünyada bir neçə dövlət var ki, neytraldır, bunlar hətta BMT tərəfindən belə tanınıblar. Bu neytrallıq hərbi siyasi bloklara, digər hansısa strukturlara qarşı ola bilər.
Onu da qeyd edək ki, Türkmənistanın prezidenti dəfələrlə Türk Şurası Zirvələrində iştirak edib.
Onu da nəzərə alsaq ki, bu yaxınlarda Özbəkistan Türk Şurasına üzv olub, Türkmənistan liderinin də bu zirvələrdə iştirakı gələcəkdə ölkəni bu şuraya üzv olmağa gətirib çıxara bilər”,- deyə politoloq fikrini tamamlayıb.
Vüsalə Balayeva, Bizim.Media