Xarici İşlər Nazirliyi (XİN) nazir Ceyhun Bayramovun Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair məlumat yayıb.
Bizim.Media XİN-in Mətbuat xidməti idarəsinə istinadən məlumat verir ki, görüşdə Ceyhun Bayramov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab əməliyyatları və bu xüsusda qardaş Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib.
Mustafa Şentop Azərbaycana səfərinin öncədən planlaşdırıldığını, lakin baş verən hadisələr fonunda onun xüsusi bir əhəmiyyət kəsb etdiyini söyləyib. Türkiyənin dost və qardaş Azərbaycanın hər zaman yanında olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin Sədri, Dağlıq Qarabağ bölgəsinin həm tarixi, həm də hüquqi baxımdan Azərbaycan ərazisi olduğunu söyləyib. Spiker Ermənistanın son hücumlarının, xüsusilə də mülki əhalinin məqsədyönlü şəkildə hədəfə alınmasının Ermənistanın sadəcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. O, Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərləri və dinc əhalini atəşə tutmaqla məqsədinin münaqişənin coğrafiyasını genişləndirmək və üçüncü dövlətləri bu münaqişəyə cəlb etmək olduğunu bildirib. Türkiyənin Ermənistanın bu işğalçı siyasətinə qarşı olduğunu, bölgədə sülh və təhlükəsizliyin təmin olunması mövqeyindən çıxış etdiyini səsləndirən M.Şəntop məhz bu səbəbdən də ölkəsinin Azərbaycanın haqlı mövqeyini sonuna qədər dəstəkləyəcəyini vurğulayıb.
Bizim.Media