Sahibə Qafarova beynəlxalq sammitdə çıxış etdi - FOTO

Sahibə Qafarova beynəlxalq sammitdə çıxış etdi - FOTO

Hazırda oxunan: Sahibə Qafarova beynəlxalq sammitdə çıxış etdi - FOTO

93039

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edir. Spiker Sammitin ikinci günündə keçirilən müzakirələrdə çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, Sahibə Qafarova çıxışında bildirib ki, ictimai həyatın bütün sahələrində qadınların iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil.

Bu baxımdan qadın spikerlərin üzərinə mühüm vəzifələr düşür ki, parlamentlərimiz gender məsələsinə daha həssas yanaşma ortaya qoysun.

Qadınların məşğulluq sahəsində üzləşdiyi problemlərdən danışan Milli Məclisin sədri deyib ki, məşğulluqda qeyri-bərabərliyin, genderlə bağlı problemlərin əsas səbəblərindən biri təhsildədir.

Bu gün hamını əhatə edən inklüziv cəmiyyətin yaradılmasından danışırıqsa, təhsilin gücləndirilməsinə və bu sahədə bərabər imkanların hüquqi əsaslarının təmin edilməsinə daha çox diqqət yönəldilməlidir.

Bu, qadınların siyasətdə, iqtisadiyyatda və digər sahələrdə səlahiyyətlərinin artırılmasına maneələrin aradan qaldırılmasına daha çox kömək edəcək.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanda həyata keçirilən gender siyasətinin uğurları barədə məlumat verərək, bildirib ki, ölkəmizdə məşğul əhalinin ümumi tərkibində qadınların xüsusi çəkisi 48 faizdən artıqdır. Dövlət qulluğunda qadınların xüsusi çəkisi 28 faizə yaxındır.

Onun sözlərinə görə, parlamentlərin nəinki gender problemlərinin həllinə yönəlmiş qanunlar qəbul etmək, həm də onların icrasının təmin edilməsində rol oynamaq üçün kifayət qədər səlahiyyətləri var. Məhz bu məqamda parlamentlə hökumətin əməkdaşlığı əhəmiyyət kəsb edir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanda gender məsələləri üzrə dövlət siyasətini həyata keçirən əsas dövlət orqanı 1998-ci ildə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə öz fəaliyyəti barədə parlamentə hesabat verir. Parlamentimizdə gender əsaslı qanunlar üzərində işləyən Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi mövcuddur.

Hər iki komitənin sədri qadındır. Deməli, gender bərabərliyi sahəsində qanunların hazırlanması, qəbul edilməsi, tətbiq edilməsi prosesinin özü də gender baxımından önəmlidir.

Qeyd edək ki, Qadın Parlament Sədrlərinin 14-cü Sammiti Daşkənd Bəyannaməsinin qəbulu ilə başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO