Məlum olduğu kimi Ölkə Başçısı İlham Əliyevin son Brüssel və İtaliya səfərləri mühüm hadisələrlə yadda qaldı. Amma hər iki səfərdə kadr arxasında qalan maraqlı məqamlar da təbii ki, az olmadı.
Həmin məqamlarla bağlı Dövlətimizin Başçısının səfərini işıqlandıran həmkarlarımızdan biri, İTV-nin əməkdaşı Heydər Mirzə ilə həmsöhbət olduq.
- Heydər bəy, Siz Ölkə Başçısının həm Brüssel, həm də İtaliya səfərində olmusunuz. Həmin görüşlərdə kadr arxasında qalan maraqlı məqamlardan hansını danışa bilərsiniz?
- Kadr arxasında qalan maraqlı məqamlar çox oldu. Başlayaq Brüsseldən. Biz Avropa Şurasının binalar kompleksinə gələndə Azərbaycan nümayəndə heyətində çoxlu sayda jurnalist var idi. Məsələn, AzTV, İTV, CBC, Real TV, Azərtac və digər KİV-lərin nümayəndələri. Amma Ermənistandan heç bir mətbuat nümayəndəsini orada görmədik.
Yalnız bir qadını gördük, o da Azadlıq radiosunun müxbiri idi. Öyrəndik ki, erməni mətbuatı üçün informasiyanı bu jurnalist hazırlayıb, ötürəcək. Bir sözlə orda olduğumuz müddətdə bir dənə də olsun erməni jurnalist gözə dəymədi.
İtaliya səfəri ilə bağlı onu deyə bilərəm ki, hazırda bu ölkədə siyasi böhrandır. Köhnə baş nazir istefaya gedib, yenisi seçilməyib, ancaq əvəz edən şəxs var. Belə bir vəziyyətdə İtaliya qanunlarına görə heç bir yüksək səviyyəli xarici səfərlər olmur, eyni zamanda xaricdən rəsmi qonaq qəbul edilmir. Amma Azərbaycan prezidenti İlham Əliyevin səfəri bu mənada istisna oldu. Çünki, İtaliyanın indiki məqamda Azərbaycana çox böyük ehtiyacı var.
- Avropada Azərbaycanlılara münasibətdə yeni nə sezdiniz?
- Həm Brüsseldə, həm də İtaliyada bizə qarşı münasibətdə çox maraqlı proseslər gedir. İndi onu tam ifadə edə bilməyəcəm. Amma onu deyə bilərəm ki, avropalılar bizə artıq bərabər tərəf kimi baxırlar. Həm siyasiləri, həm də ki, jurnalistləri. Bu da insanda çox gözəl hisslər yaradır.
- Ölkə Başçısına münasibətdə diqqətçəkən məqamlar hansı oldu? Yəni qalib Azərbaycan liderinə münasibət həm Brüsseldə, həm də İtaliyada necə idi?
-Onu deyə bilərəm ki, hər iki səfərdə Dövlətimizin Başçısına xüsusi diqqət var idi. Bu prezident İlham Əliyevin ovqatında da hiss olunurdu. Təsəvvür edin ki, Brüssel görüşü 5 saat çəkdi. Deyilənə görə görüş çox gərgin keçmişdi. Amma İlham Əliyev görüş zalından çıxanda xoş ovqatda idi. Üzü gülürdü. Hiss olunurdu ki, görüşün nəticələrindən Dövlətimizin Başçısı məmnundur. Roma da isə Azərbaycan prezidentinə xüsusi diqqət vardı. Açığını deyək ki, Azərbaycan Prezidenti İtaliyada fövqəldövlətin lideri kimi qarşılandı. Bu da səbəbsiz deyildi.
Çünki, İtaliyanın neft təchizatında Azərbaycan birinci, qaz təchizatında isə 3-cü yeri tutur. Bu isə o deməkdir ki, Azərbaycan İtaliya üçün sadəcə oksigendir. Cənab İlham Əliyevi həm İtaliya prezidenti, həm baş nazir əvəzi ən yüksək səviyyədə qəbul etdi.
Başqa bir maraqlı məqam odur ki, Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumuna fəxri qonaq kimi dəvət olunan çox az saylı dövlət başçılarından biri də İlham Əliyevdir.
Forumun iştirakçıları və moderatorları necə deyərlər İlham Əliyevin “başına pərvanə kimi fırlanırdılar”. Nəzərə alaq ki, bu beyin mərkəzi Avropa dövlətlərinin hökümətlərinə deyil, siyasi elitasına xidmət edir.
- Səfərləriniz zamanı Ölkə Başçısı ilə ünsiyyət imkanlarınız oldumu? Və yadda qalan məqamlar hansılar idi?
- Azərbaycan Prezidenti hər zaman olduğu kimi biz jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı. Bütün görüşlərə gələndə və çıxanda bizə ehtiramla salam verirdi. Və sizin də gördüyünüz kimi bir jurnalist həmkarımıza cənab prezident özü yaxınlaşıb, əl tutuşdu. Çox ideal ünsiyyət mühiti vardı. Ən əsası bütün səfərlər boyu bizə davamlı məlumatlar verilirdi.
Mətbuat üçün qapalı görüşlər bitən kimi Prezidentin köməkçisi Hikmət Hacıyev bizə əsas detallar barədə ətraflı məlumat verirdi. Bir sözlə hər iki səfər bir jurnalist və bir vətəndaş kimi məndə çox dərin və gözəl təəssüratlar yaratdı.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:10 / 06.09.2022
İtaliya İlham Əliyevə görə qaydaları dəyişdi – Jurnalist Prezidentin səfərində nələrə şahidlik etdi - MÜSAHİBƏ
Hazırda oxunan: İtaliya İlham Əliyevə görə qaydaları dəyişdi – Jurnalist Prezidentin səfərində nələrə şahidlik etdi - MÜSAHİBƏ
Hazırda oxunan: İtaliya İlham Əliyevə görə qaydaları dəyişdi – Jurnalist Prezidentin səfərində nələrə şahidlik etdi - MÜSAHİBƏ
92356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.