“Heç bir dövlətdə başqa bir dövlətin dilində bu həcmdə pulsuz təhsil verilməməlidir. İxtisaslı məktəblər ola bilər, amma daha 340 məktəbin tam olaraq rus dilində olması və dövlət hesabına maliyyələşdirilməsi qəbuledilməzdir. Bu isə ümumi məktəblərin az qala onda birinə bərabərdir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı səsləndirib.
Siyasətçi rus dilində tədris aparan məktəblərlə müvafiq sayda rusdilli əhalinin olmadığını qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslıdan MÜXALİF QÜVVƏLƏRƏ: “Meydandan gələnlərdir və dəyişiklik görünmür”
“Necə ki iqtisadiyyatda tələb təklifi yaradır, bizdə də “5-ci kolon”un uzunmüddətli fəaliyyəti işverənlər və işəgötürənlər arasında rus dili tələbatı yaradıb. Uzun illərlə Azərbaycan cəmiyyətinə rusdillilərin daha elitar, ziyalı, dünyagörüşlü olduğu aşılanıb. Bu məsələnin mənəvi-psixoloji tərəfidir.
Maddi tərəf isə ondan ibarətdir ki, süpürgəçi belə işə qəbul olunarkən rus dili tələb olunur. Bizim insanlar da praqmatik olduğu üçün, övladlarının rahat iş tapmaları üçün rus sektoruna yönəlirlər. Bu o demək deyil ki, bizdə rus dilini sevirlər. Övladlarını rus sektoruna qoyan valideynlərin neçəsinin Rusiya sevgisi var?”
Tural Abbaslı kütləvi şəkildə rus sektoruna yönəlmənin gələcək üçün təhlükəli olduğunu bildirib:
“Bu bizim gələcəyimizə qoyulan saatlı minalardır. Demirəm ki, bu ailələr və uşaqlar təhlükəlidir. Sadəcə olaraq biz Rusiya imperiyasının rus dilində danışan insanlarda öz imperialist maraqları üçün necə istifadə etdiklərini görmüşük, bu gün də görürük. Bəs, biz sonrakı nəsilə təhlükəmi ötürməyə çalışırıq?
Biz rus dilinin keçirilməsinin əlehinə deyilik. Lakin bütün fənnləri rus dilində öyrənən bu qədər şagird gələcəkdə harada çalışacaq? Rəsmi dövlət dilimiz Azərbaycan dilidir. Həmin uşaq gedib hüquq təhsili alıb, gələcəkdə məhkəmə iclaslarında tərcüməçi ilə iştirak edəcək? Öyrəndiyi hüquqi terminləri necə tərcümə edəcək? Yoxsa bu məsələlərin milliyyətçiliklə heç bir əlaqəsi yoxdur”.
Murad Əhmədov, Bizim.Media