Rusiya Müdafiə Nazirliyinin 31 avqust tarixində etdiyi paylaşımda Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin nəzarət postlarının sayını artırdığı diqqətdən yayınmayıb.
Belə ki, Laçın şəhəri və Sus kəndinin Azərbaycanın nəzarətinə verilməsindən sonra, yəni avqustun 26-da sözügedən məntəqələrdə yerləşən postlar sökülüb.
MÖVZU İLƏ BAĞLI:
Laçın şəhərindən sülhməramlıların postları götürüldü
Nəticədə Rusiya sülhməramlılarının Qarbağdakı nəzarət postlarının sayı 27-dən 25-ə düşüb. Lakin bir neçə gün sonra dərc olunan bülletendə postların sayının 30-a çatdığı diqqətdən yayınmayıb.
Bəs, Rusiya sülhməramlılarının postlarının sayını artırmasına səbəb nədir?
Sualı Bizim.Media üçün cavablandıran hərbi ekspert Ədalət Verdiyev hazırda Rusiya sülhməramlılarının həm keçmiş Laçın yolunda, həm də yeni alternativ yolda funksiyalarını yerinə yetirdiklərini açıqlayıb:
“Bu da onlardan postların sayının artırılmasını tələb edir. Hesab edirəm ki, bu, böyük ehtimalla, həm Azərbaycan, həm də Rusiya komandanlığı arasında razılaşdırılmış prosesdir”.
Ədalət Verdiyev əlavə edib ki, sülhməramlı postlarının sayının artırılması heç də Qarabağda erməni təxribatlarının qarşısının alınmasına kömək etməyib:
“Biz sentyabrın 2-də Armen Qriqoryanın, böyük ehtimalla, yeni yolla Xankəndinə səfər etməsinə şahidlik etdik. Ona görə də, hesab edirəm ki, bu məsələlərdə Azərbaycan mümkün təxribatların və qeyri-qanuni səfərlərin qarşısının alınması üçün rusların nəzarətindən əvvəl öz ordumuzun vasitəsilə nəzarəti təmin etməlidir. Rusların işi isə yalnız atəşkəsə nəzarət etməkdən ibarət olmalıdır”.
Murad Əhmədov, Bizim.Media