Milli Məclisin sədri Zəfər Bayramı münasibətilə türkiyəli həmkarı Mustafa Şentopa təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, spiker Sahibə Qafarova həmkarına, Türkiyə Böyük Millət Məclisinin üzvlərinə və qardaş Türkiyə xalqına təbriklərini ünvanlayıb.
Məktubda bu möhtəşəm zəfərin qardaş Türkiyə xalqının şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğu qeyd edilərək, Vətəninin istiqlaliyyəti uğrunda canlarını verən şəhidlərin əziz xatirəsi bir daha dərin hörmət və ehtiramla yad olunub.
MÖVZU İLƏ BAĞLI:
Şentop Laçınla bağlı Sahibə Qafarovanı təbrik etdi
Türkiyənin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuz və rəğbətin vurğulandığı məktubda, həmçinin bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri, çoxşaxəli əməkdaşlıq əlaqələri hazırda özünün ən yüksək zirvəsindədir. Ali qanunvericilik orqanlarımızın birgə fəaliyyəti bu münasibətlərin daha da gücləndirilməsinə töhfə verir.
Milli Məclisin sədri inandığını bildirib ki, birgə səylərimizlə parlamentlərarası əlaqələrimizin ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmləndirilməsinə və genişləndirilməsinə nail olacağıq.
Bizim.Media