Təhlükəli vəziyyətdə olsa da, Ermənistan hələ də Metsamor AES-i işlətməkdə davam edir. 1976-ci ildə tikilən bu AES artıq çoxdan köhnəlib. Stansiya artıq müasir standartlara cavab vermir və daha da dəhşətlisi seysmik zonada yerləşir. Onun fəaliyyətinin davam etdirilməsi region üçün ciddi fəsadlar vəd edir.
Metsamor AES dünyanın ən köhnə nüvə texnologiyası ilə inşa edilib. Bu səbəbdən də dünyadakı ən təhlükəli AES hesab edilir.
Daha da dəhşətlisi odur ki, müəssisənin istismar müddəti artıq çoxdan başa çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulan stansiyanın istismar müddəti artıq 46-cı ilini keçib. Hətta bir müddət stansiyanın 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulmuşdu. Lakin sonradan obyektin istismar müddətinin daha 10 il artırılması qərara alındı.
MÖVZU İLƏ BAĞLI:
Rusiya Ermənistanda ikinci AES-i tikir? - "Azərbaycanla Türkiyənin ciddi narazılıqları ola bilər"
Beynəlxalq mütəxəssislərin rəyinə görə, Metsamor AES-də qəza olarsa, baş verə biləcək fəlakətin səviyyəsi Çernobıl AES-dəki qorxunc partlayışın nəticələrindən heç də geri qalmayacaq. AES-in idarə edilməsi təhlükəsizlik sistemi çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü. AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir.
AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir.
1988-ci ildə zəlzələ nəticəsində dağılmış Spitak şəhəri Metsamor AES-in cəmi 75 kilometrliyində yerləşir. Ona görə də SSRİ rəhbərliyi Spitak zəlzələsindən sonra stansiyanın fəaliyyətini dayandırmışdı. Lakin enerji böhranını bəhanə gətirən Ermənistan 1995-ci ildə ikinci bloku yenidən işə salıb. Bu stansiya Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsi üçün fəlakətə səbəb ola bilər. AES Ermənistanın Azərbaycan və Gürcüstanla sərhədindən 120, İran sərhədindən 60, Türkiyə sərhədindən isə cəmi 16 kilometr aralıda yerləşir.
Stansiyanın bağlanması üçün beynəlxalq səviyyədə də müxtəlif səylər göstərilib. Ermənistanla Avropa İttifaqı arasında 2017-ci ildə başlanan əməkdaşlıq haqqında sazişə əsasən, İrəvan Metsamoru bağlamalı və təhlükəsizlik şəkildə istismardan çıxarmalı idi. Əvəzində Ermənistan alternativ enerji mənbələrilə təmin olunmalı idi. Hətta bunun üçün Aİ tərəfindən Ermənistana 200 milyon avronun ayrılması nəzərdə tutulurdu. Lakin İrəvan məbləğin az olduğunu bəhanə gətirərək, təklifdən imtina edir.
Bu isə onu göstərir ki, stansiyanın bağlanması üçün beynəlxalq səviyyədə verilən təklif və tələblərə İrəvan hələ də məhəl qoymur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan radiasiya problemləri üzrə mütəxəssis Müslüm Qurbanov qeyd edir ki, Ermənistan Metsamor AES-i siyasi oyun alətinə çevirib:
“Metsamor AES bütün region üçün böyük təhlükədir. İstismar müddəti bitib. Dəfələrlə texniki təmirə məruz qalıb. Adi bir səhv ciddi təhlükə yarada bilər. Regionda ətraf mühitə dəyən son hadisələr, meşə yanğınlarının hamısı məhz Ermənistanın beynəlxalq hüquqa saymazyana yanaşmasının nəticəsidir.
İnsan faktoru, texniki nasazlıq, siyasi ambisiya üzündən stansiyada hər an partlayış baş verə bilər. Maye tullantıları da təhlükə mənbəyidir. Araz çayını da çirkləndirməkdə davam edirlər.
Avropa İttifaqı stansiyanın fəaliyyətinin dayandırılması üçün Ermənistana kömək təklif edib. Bu məsələnin həllinə yardım üçün Aİ İrəvana 200 milyon avroluq yardım edəcəyini də bildirib. Lakin görünən odur ki, Ermənistan bu məsələni siyasi oyuncaq alətinə çevirib. İrəvan Aİ-dən bu müstəvidə daha çox maliyyə almağa çalışır”.
Həmsöhbətimizin fikrincə, İrəvanın stansiya ilə bağlı beynəlxalq tələb və təklifləri qəbul etməməsinin digər səbəbi ikili standartlardan qaynaqlanır.
Rüfət Sultan, Bizim.Media